Quberniya tərəfindən yayımlanmış tanıtım video çarxı sakinlərin bir qismi üçün qəbul edilməzdir
Kvemo Kartli quberniyası tərəfindən yayılmış tanıtım videosunda bölgənin bütün bələdiyyələri öz əksini tapıb. Lakin Gürcüstanın azərbaycanlı vətəndaşları özlərini görə bilməyiblər.
1 dəqiqə 38 saniyəlik video quberniyanın rəsmi “Facebook” səhifəsində “Kvemo Kartli bölgəsi” adı ilə 5 iyul tarixində yayımlanıb. Videoda Kvemo Kartlinin bütün bölgələri pravoslav kilsələri, tarixi və arxeoloji abidələri və digər dəyərləri ilə əks olunub.

Sakinlərin bir qismi yayımlanmış videonu qəbulolunmaz hesab edir, belə ki, videoda bölgənin etnik rəngarəngliyi əks olunmayıb. Gürcüstan vətəndaşları olan etnik azərbaycanlılar videoya şərhlər və paylaşımlarda öz etirazlarını bildirirlər.

“Kvemo Kartli bölgəsi Gürcüstanın ən rəngarəng bölgəsidir. Bu bölgədə 5-6 etnosun nümayəndələri dinc şəraitdə yaşayırlar. Lakin videoda elə görünür ki, sanki Kvemo Kartli monoetnik bölgədir”, - deyə Rəşan Ziyadəliyev yazıb.

“50%-dən çox etnik azlıq yaşayır, bu video qeyri-tolerantdır” – Samirə Bayramova.

“Biz deyirik: “Biz Gürcüstan vətəndaşlarıyıq. Biz türkdilli gürcüstanlılarıq. Biz Gürcüstanın əsgərləriyik. Gürcüstan bizim vətənimizdir”.

Hakimiyyət deyir: “Siz Azərbaycanın nümayəndələrisiniz. Sizin prezidentiniz Əliyevdir. Azərbaycan sizin tarixi torpaqlarınızdır”, - Ravil Məmmədov.

Etnik azərbaycanlıların şərhləri müxtəlif əks-səda doğurdu. Gürcüstan vətəndaşlarının bir hissəsi əsrlərdir Kvemo Kartli bölgəsində yaşayan insanları yenə qonaq kimi qəbul eilirlər.

Quberniyanın “Facebook” səhifəsinin administratoru bölgə hakimiyyətinin səhifəsində yazılmış etnik əlamətlərə görə nifrətə səbəb ola biləcək şərhləri silməyib, lakin etnik azərbaycanlılara müraciət edərək bildirib ki, belə video çarxlar gələcəkdə də hazırlanacaq və daha rəngarəng olacaq.

Kvemo Kartli quberniyasının ictimaiyyətlə əlaqələr xidmətinin nümayəndəsi Rusudan Qoqoladze bildirdi ki, bu video çarx əslində bütün regionu əks etdirmirdi.

“Bu video əslində bütün regionu əks etdirmirdi. Buna görə də ilkin mərhələdə irad olmayıb. Bu sadəcə dronla çəkilmiş kadrlardan ibarət kiçik bir kollaj idi” – deyə Rusudan Qoqoladze bildirdi.



Rusudan Qoqoladze onu da bildirdi ki, belə tanıtım videolarının gələcəkdə də hazırlanması planlaşdırılır və o videolarda bölgənin rəngarəngliyi tamamilə əks olunacaq.




Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები