2008-ci ildən sonra hər dəfə 8 avqust tarixi gələndə 10 il öncə
yaşadığın emosiyaları təkrar yaşamamaq çətindir.
Vladimer Prokopov 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı
hava cihazları və qərargah arasında koordinasiya yaradılması ilə
məşğul olub. Rəhbərliyin əmri ilə Marneulidən Tsxinvalidəki
qərargaha gedib.
“Ayın 8-də səhər saatlarında Şimali Qafqazlılara yalnız bir
aviasiya zərbəsi oldu və bundan sonra aviasiya işləmədi. Mənası yox
idi, bizim aviasiyanın işindən sonra Rusiya aviasiyası daxil oldu
və havada üç-dörd səviyyədə qərar tutdular. Ən aşağıda
helikopterlər işləyirdi, ortada bombardmançı təyyarələr, yuxarıda
isə “istrebitel”lər (qırıcı təyyarələr) işləyirdi. Sərhəd boyunca
“Avaks”lar dolaşırdı”, - Vladimer xatırlayır.
Aviasiya işini dayandırdı və sanki Prokopovun işi bitmişdi, lakin
o, Rusiyanın əlaqə tezliyini dinləyirdi. Rusiyanın Sovet İttifaqı
dövründəki tezlikdə əlaqə qurduqlarını xatırlayır. Bu tezliyi
dinləməklə Vladimer özünü və əsgərlərin həyatını xilas edib.
“Bizimkilər məşhur T-22-ni saldığı zaman “Buki” adlanan hava hücumu
əleyhinə kompleks var və biz həmin mövqedəydik. Ruslar bunu aşkar
etdilər və onların sərhəd boyu dolaşan “Avaks”ı bizim mövqeyimizin
koordinatlarını verdi. Mən bunu eşidən kimi, qərargah rəisinə
bildirdim və o, mövqeyimizi tərk etməyi əmr etdi. 5 dəqiqə ərzində
toplaşdıq və oranı tərk etdik. Heç üç dəqiqə keçməmişdi ki, həmin
ərazini yerlə-bir etdilər”, - Vladimir Prokopov
deyir.
Vladimer atəş xəttinə yaxın idi, bir neçə dəfə qərargahdan
qərargaha hərəkət etdikləri maşına atəş edilib. Bir dəfə isə
onların maşınından 500 metr məsafəyə bomba atılıb. Xatırlayır ki,
əsgərlər həmin an maşından düşüb yolun kənarındakı arxa uzanıblar,
başqa yolları olmayıb, başqa yerə gedə bilməyiblər. Xoşbəxtlikdən
rusların bombası partlamayıb.
Vladimer Rusiya təyyarələrinin Marneuliyə gəlməsi haqqında məlumatı
elə rusların öz tezliyindən alıb. Əvvəlcə Marneuli qərargah rəisinə
xəbər verib. Daha sonra isə öz həyat yoldaşına zəng vurub və yalnız
sənədlərini götürərək evdən çıxıb bir neçə gün rəfiqəsinin evində
qalmasını tapşırıb.
“Tsxinvalidən sonra ruslar ikinci zərbəni Qoriyə
endirdilər. Onların təyyarələri üçüncü dəfə gəldikdə isə Tsxinvali
və ya Qoriyə deyil, birbaşa aviasiya nöqtəsi yerləşən Muxianiyə
istiqamətlənib. Gürcüstanın hava yolu bu nöqtədən keçir. Həmin an
komanda məntəqəsindən təyyarələrin Muxrani istiqamətində
getdiklərini dedilər və öz-özümə dedim ki, onlar 100% Marneuliyə
gedirlər. Dərhal komandirə zəng vurdum. Komandir dedi ki, bilirik,
bizə tərəf gəlirlər. Bildiyim qədər bütün hərbi hissə aerodromun
qarşısındakı avtoparka toplaşıblar. İlk dəfə gələndə
bombalamayıblar, sadəcə kəşfiyyat aparıblar, görüblər ki,
sakitlikdir. İkinci dəfə gəldikdə isə çoxlu bomba
atıblar”, - Vladimer deyir.
Marneuli hərbi bazası bombalanan zaman 3 əsgər həlak olub, 6 əsgər
isə ağır yara və yanıq xəsarətləri alıb. Müharibə başa çatdıqdan
sonra Marneuli hərbi bazasına və ətraf kəndlərə atılmış bombaların
zərərsizləşdirilməsinə başlanıldı. 25 avqusta qədər gürcü əsgərləri
Baltikyanı ölkələrin köməkçi qrupları ilə birgə ruslar tərəfindən
atılmış bombaları partlatdılar. Vladimer deyir ki, Marneulidə 39
ədəd 250 və 500 kiloqramlıq partlamamış bomba sayıblar. Təxminən
bir o qədər də partlayıb.
Vladimer artıq bu gün zarafatla deyir ki, Rusiya “istrebitel”ləri
Marneulidə yerdə dayanmış “kukuruznik”lərlə mübarizə aparırdı.
“Bura ilk dəfə gələndə artıq təyyarələr elə
gizlədilmişdi ki, onları görə bilmədilər, yalnız 3 ədəd
“kukuruznik” deyilən təyyarə var idi, onlara hücum etdilər.
“Qəhrəman”dırlar da, yerdə dayanmış 47-ci ildə buraxılmış
“kukuruznik” təyyarəsini məhv etdilər. “qəhrəman”dırlar, başqa heç
nə”, - Vladimer deyir.
Sujeti burdan dinləyə bilərsiz: