Cavaxişvili küçəsinin sakinləri üçün kanalizasiya qoxusu, yolun və ictimai nəqliyyatın olmaması gündəlik problemə çevrilib
Marneuli şəhərinin Cavaxişvili küçəsinin sakinlərini kanalzasiya, yol , piyada zolağı, ictimai nəqliyyat və sahibsiz küçə itləri kimi problemlər narahat edir. Bu küçə Marneuli-Tetritskaro yolunun üstündə yerləşir. Həmin küçədə yaşayan sakinlər kanalizasiya xətləri olmadığından kanalizasiya sularını küçənin ərazisindən keçən suvarma kanalına axıdırlar. Kanalda su olmadığına görə yığılıb qalan kanalizasiya suyunun qoxusu ətrafa yayılır. Qoxu kəskin olduğundan həşəratları özünə cəlb edir və bu bir sıra yolxucu xəstəliklərin yayılmasına şərait yaradır. Həmin küçənin sakinlərinin sözlərinə görə, onlara iki il bundan əvvəl söz veriblər ki, mərkəzi kanalizasiya xətləri çəkiləcək. Amma indiyə kimi heç bir iş görülməyib.



Cavaxişvili küçəsinə daxil olduqda asfalt yolla hərəkət edirsən, amma bir az getdikdən sonra asfalt bitir və çınqıllı, avtomobillərin hərəkəti zamanı qalxan tozlu yol başlayır. Sakinlər deyirlər ki, bir neçə il bundan qabaq küçənin bir hissəsinə asfalt qatı çəkdilər. Bildirdilər ki, qalan hissəsini növbəti ildə bərpa edəcəklər. Təəssüf hissi ilə qeyd edirlər ki, bu problem də öz həllini tapmayıb.

Həmin ərazidə yaşayan sakinlər ictimai nəqliyyat problemindən də danışdılar. Onlar da istəyirlər ki, yaşadıqları bölgəyə ictimai nəqliyyat işləsin. Onu da əlavə etdilər ki, Marneulinin mərkəzinə getmək üçün taksidən istifadə edirlər. Bu isə onlar üçün baha başa gəlir.



Marneuli-Tetritskaro yolu ilə gün ərzində həmin ərazidə yerləşən karxanalara ağır yük maşınlarının hərəkət etməsi yolun tez sıradan çıxmasına səbəb olur. Bundan əlavə həmin ərazidə səkilərin olmamamasına görə piyadalar avtomobil yolu ilə gedirlər, bu isə onlar üçün təhlükə yaradır. Sakinlər həmin ərazidə səkilərin yaradılmasını istəyirlər.

Özündə bir sıra problemləri birləşdirən Cavaxişvili küçəsinin sakinləri ümid edirlər ki, Marneuli meriyası onların səsini eşidəcək və bu problemləri həll edəcək.

Meriyadan “Marneuli” radiosuna verilən məlumata görə, Cavaxişvili küçəsinin kanalizasiya layihəsi bütün Marneuli şəhərini əhatə edən layihə çərçivəsində həyata keçiriləcək. Bu layihə bütün Marneulinin su təchizatı və kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.

Yolun bərpasına gəlincə isə bu mərhələdə yerli hakimiyyət həmin irimiqyaslı layihəyə görə həyata keçirilmir. Belə ki, indi yol çəkilsə belə kanalizasiya sistemi çəkiləndə həmin yolları yenidən qazmaq lazım gələcək. Buna görə də ilk növbədə kanalizasiya sistemi qaydaya salınacaq.

Cavaxişvili küçəsinə ictimai nəqliyyatın təyin olunmasına gəlincə isə Marneuli meriyasından bildirirlər ki, bu mərhələdə xəttin əlavə olunması nəzərdə tutulmayıb. Lakin bu məsələ ilə bağlı işlər davam edir.
Print ელ. ფოსტა
FaceBook Twitter Google