Marneulidən ən məşhur gender bərabərsizliyi nümunələri


“Yəqin indi günortadır və öz həyat yoldaşları üçün yemək bişirirlər”.
Bu Marneulinin yeni seçilmiş merinin ilk ictimai görüşündə “Marneuli” radiosunun jurnalistinin onunla görüşə qadınların nə üçün gəlmədiyi barədə sualına verdiyi cavab idi. Qaçağan kənd sakinləri də Marneuli meri kimi düşünürdülər.

Bələdiyyənin birinci şəxsinin “qadının yeri mətbəxdir” stereotipini daha da möhkəmlətməsi Marneulidə mövcud olan gender probleminə nümunədir.

Xalq müdafiəçisi merin bu şərhini cinsi ayrı-seçkilik adlandırmışdı.

“Xalq müdafiəçisi hesab edir ki, bu gün qadın-kişi bərabərliyi baxımından ölkədə çoxlu problemlər var. Daha bir mühüm problem qadınların sosial və siyasi həyatda iştirakı məsələsidir. Bunu nəzərə alaraq ictimaiyyət və ya vəzifəli şəxslər tərəfindən belə münasibətlər qadın və kişilərin müəyyən rolu haqqında mövcud diskriminasiyanı təşviq edən stereotipləri möhkəmləndirir və ictimai həyatda kişinin dominant mövqeyini vurğulayır. Bu isə qadınların gələcəkdə cinsi baxımdan daha çox diskriminasiyaya məruz qalması üçün təhlükə yaradır” – Xalq müdafiəçisinin bəyanatında qeyd olunub.

2017-ci ilin sentyabr-oktyabr aylarında Marneulidə fəal seçki kompaniyaları keçirilirdi. Kompaniya çərçivəsində siyasi subyektlərsakinlərlə görüşür, onların problemlərini dinləyirdilər. Çox vaxt müxalif və ya hakim partiyanın görüşlərində yalnız kişilər iştirak edirdilər.

Əsas siyasi partiya olan “Gürcü Arzusu” yerli özünüidarəetmə seçkilərində nə partiya siyahısı ilə nə də majoritar qaydada qadın namizəd irəli sürməmişdi. Bunun səbəbi ilə bağlı Bələdiyyə Məclisinin hazırkı sədri Amiran Qiorqadze bizə məlumat vermişdi:

“Bizim partiya belə düzgün hesab edib. Buna görə də bu qərarı verdik. Ona görə yox ki, biz qadın namizəd istəmirik sadəcə partiya belə düzgün hesab edib” - qeyd edir Amiran Qiorgadze.

“Avropalı Gürcüstan” partiyasının da qadın namizədi yox idi. Əhməd İmamquliyev bunu Marneulinin xüsusiyyətləri ilə izah etmişdi.

“Bildiyiniz kimi bizim rayon mentalitet baxımından biraz başqa yönlüdür. Bu səbəblə də biz hər görüşümüzə qadınları apara bilmirik” - qeyd edir Əhməd İmamquliyev.

“Marneuli Demokrat Qadınlar Cəmiyyəti” seçkilərin monitorinqini həyata keçirirdi. Monitorinqin nəticəsi isə göstərdi ki, siyasi partiyalar tərəfindən qadınların ehtiyacları nəzərə alınmayıb.

“Monitorinq nəticəsində qərara gəldik ki, heç bir siyasi subyektin yerli səviyyədə qadınların problemləri ilə bağlı gender yanaşması və siyasi mesajları yoxdur” – Olqa Endeladze dedi.

Yerli siyasətçilər öz “kirli alt paltarları”nın evlərinin qarşısında asılmasına dözməyən cəmiyyətin aynasıdır.

Şəlalə Əmircanova 2 mart 2017-ci il tarixində “Nanukanın şousu” verilişində Marneulidə mövcud olan gender problemlərindən söhbət açmışdı. Verilişin əsas mövzusu erkən evlilik və qızların təhsil hüququ idi. Şəlalə bildirmişdi ki, Marneulidə qızlar erkən yaşlarında evlənirdilər və təhsillərini davam etdirə bilmirdilər.

“Kəndlərə gedirəm, orada tamamilə başqa vəziyyətdir. Deyirik ki, internet əsridir, kompüter əsridir. Orada belə deyil. Əgər telefonun varsa pis qızsan. Taksidə tək oturursansa pis qızsan. Bəzən deyirlər ki, elə qızla evlənəcəm ki, avtobusda heç oturmamış olsun” – deyə Şəlalə Əmircanova bildirdi.

Efirdən sonra aydın olmuşdu ki, Marneuli sakinləri bölgənin həqiqətləri haqqında böyük ekrandan məlumat almağa hələ hazır deyil. Şəlaləyə qarşı aqressiv çıxışlar olmuşdu. Təzyiqlərdən sonra o, sözlərini geri götürmüşdü.

Yalnız Marneulidə deyil, bütün Gürcüstanda bir çox qeyri-hökumət təşkilatları tərəfindən erkən evlilik, qadınlara qarşı zorakılıq və ailə zorakılığı, müxtəlif gender problemləri haqqında görüşlər və layihələr həyata keçirilirdi. Lakin bunların baxmayaraq deyə bilərik ki, qadınların siyasi həyatda iştirakı və gücləndirilməsi məqsədilə qanun dəyişiklikləri regional və mərkəzi mətbuat gender problemlərini fəal şəkildə işıqlandırmağa başladıqdan sonra baş verdi.
Print ელ. ფოსტა
FaceBook Twitter Google