"Burada da (Marneulidə) bütün Gürcüstanda olan problemlər var" - Qriqol Vaşadze

Vahid müxalifət “Güc birlikdədir”in prezidentliyə namizədi Qriqol Vaşadze bu gün Marneuli sakinləri ilə görüşdü.

Vaşadzenin dediyinə görə, Gürcüstan bu gün böyük problemlər qarşısındadır. Bunun üçün də mühüm dəyişikliklər həyata keçirmək lazımdır.

"Bütün Gürcüstanda olan problemlərdir. Gənclər başqa ölkələrə gedir. İşsizlik, hərəkətsizlik, perspektiv yoxdur. hakimiyyət tərəfindən heç bir diqqət göstərilmir. İcra hakimiyyətləri qalaya çevrilib, məmurlar bayıra çıxmırlar. Ən əsası, təəssüf ki, cinayətkarlıq fəlakət həddinədək artıb. Səhərdən kimlə görüşdüksə, bu barədə danışır. Gürcüstanı normal inkişaf yoluna qaytarmağın vaxtıdır" - deyə bildirdi Qriqol Vaşadze.

Bu gün Qriqol Vaşadze Marneuliyə müxalif birliyin digər nümayəndələri ilə birlikdə gəlmişdi. Onlar da sakinlərə müraciət etdilər və 28 oktyabr tarixində prezident seçkilərində iştirak etməyə və düzgün seçim etməyə çağırdı. “Güc birlikdədir”in nümayəndəsi Zaal Udumaşvili bizimlə söhbətində bildirdi ki, Gürcüstanı inkişaf yoluna qaytaracaq dəyişikliklərin və sarsılmaz proseslərin zamanıdır.

"Bu gün biz bütün Gürcüstanda olduğu kimi "Gürcü Arzusu" tərəfindən aldadılmış daha bir bölgədəyik. Marneuli də dəyişiklik istəyir. Və 28 oktyabrda bu dəyişikliklər başlayacaq. Biz birləşmiş müxalifət və presidentliyə namizədimiz Qriqol Vaşadze bu ölkəni dəyişəcəyik. Bu prezident seçkiləri başa çatan kimi başlayacaq. Qriqol Vaşadze bu seçkilərdə qalib gələcək və bu bizim ölkəni müvəffəqiyyət və irəliləyişlər yoluna qaytaracaq sarsılmaz proseslər başlayacaq" - deyə bildirdi Zaal Udumaşvili.

Gürcüstanda prezident seçkiləri 28 oktyabr 2018-ci ildə keçiriləcək. Seçicilər 38 namizəd arasında seçim etməli olacaqlar.


 

"Marneuli" Radiosu

 

Print