15 oktyabr tarixində axşam saatlarında Marneulidə, Mağalaşvili
körpüsü ərazisində qatar bir nəfəri vurub.
Şahidlərin bildirdiyinə görə, 30 yaşlarında olan kişi relslərin
üstə otururmuş. Qatarın uzun müddət səs siqnalını qoşmasına
baxmayaraq o, relslərdən uzaqlaşmayıb. Şahidlərin dediyinə görə
kişi içkili vəziyyətdə olub. Qatarın zərbəsi o qədər güclü olub ki,
kişini metrələrlə uzağa tullayıb.
Hadisə yerinə patrul ekipajı və təcili yardım cəlb olunub. Cənazə
məhkəmə-tibbi ekspertizasının Rustavi şöbəsinə aparılıb.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin dəmir yolu
hərəkəti təhlükəsizliyinin və istismarı qaydalarının pozulmasını
nəzərdə tutan 275-ci maddəsi ilə istintaq başlayıb.