Kobuleti küçəsindəki zibillikdə torpağın sağlamlığı araşdırılır
Bu gün, 17 oktyabr tarixində Marneulidə Kobuleti küçəsindəki qeyri-qanuni zibillikdə “Gürcüstanı təmizləyək” layihəsi çərçivəsində təcrübə aparılıb. Algeti çayı sahilində kiçik bir hissə tullantılardan təmizlənib və ora təbii xammal tökülüb. Ətraf mühitin mühafizəsi üzrə ekspert Nuqzar Buaçidze deyir ki, bu təcrübələrlə torpağın zərərli maddələrdən nə dərəcədə təmizlənəcəyini və Marneulidəki zibilliklərdə təbiətin yenilənməsinin mümkün olub olmamasını müəyyənləşdirəcəklər.

"Gürcüstanda da tapılan və ucuz xammal olan sorbent və seolit gətirdik, Kaspi rayonundan, analiz götürdük, daha sonra sorbentlə işlədik. Bir neçə ay sonra yenidən analiz götürəcəyik. Əgər zərərli maddələrin azaldığını müşahidə etsək, həmin yeri ağac əkib yaşıllaşdıracağıq ki, ora zibil atılmasın" - dedi Nuqzar Buaçidze.



Buaçidzenin dediyinə görə, Kobuleti küçəsindəki zibilliyi burada torpağın asan şəkildə işlənilməsinə görə seçiblər. İndi isə nəticələri gözləyirlər. Bir müddət əvvəl Marneuli bazarı ərazisindən nümunə götürüblər və laboratoriyada pis nəticə əldə ediblər. Zibillikdə nəticə əldə olunması üçün iki aya ehtiyac var. Müsbət nəticə əldə olunması halında Marneulidəki digər zibillikləri də təmizləyəcəklər və ağac əkəcəklər. Layihə İsveç hakimiyyətinin maliyyə yardımı ilə həyata keçirilir.

Xatırladırıq ki, Marneulidə 86-dək qeyri-qanuni zibillik qeydə alınıb. Bu zibilliklərin təmizlənməsi tullantıların idarə olunması 5 illik planına əsasən bələdiyyəyə həvalə olunub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google