İmamquliyevin fikrincə Abazov qərarı müstəqil qəbul etməyib

“Mən hesab edirəm ki, Temur Abazov bu ərizəni özü yazmayıb, ona yazdırıblar. Bu gözlənilməz deyil, hamımız bunu gözləyirdik”, – Əhməd İmamquliyev Temur Abazovun istefa ərizəsi ilə bağlı deyib.


Marneuli Bələdiyyə Məclisinin üzvünün dediyinə görə, “Gürcü arzusu” bilirdi ki, Temur Abazov da ona qarşı irəli sürülmüş ittihamların ağırlığından irəli gələrək, Marneuli meri vəzifəsində qayıda bilməyəcək.

İmamquliyev hesab edir ki, Abazov gec olsa da, düzgün qərar qəbul edib – “yaxşı olardı ki, Abazov bu qərarı altı ay öncə qəbul edəydi”.

“Avropalı Gürcüstan”ın deputatı hesab edir ki, Abazovun istefa ərizəsi seçkilərin may ayında keçirilməsi ilə bağlıdır. Belə ki, Gürcüstan Seçki Məcəlləsinə görə, əgər merin səlahiyyətləri 15 iyuldan 15 fevral tarixinədək dayandırılarsa, növbədənkənar seçkilər may ayında keçirilir. Əgər Abazov ərizəni 15 fevraldan sonra yazsaydı, seçkilər oktyabr ayında keçirilməli idi.

İmamquliyev qeyd edir ki, “Avropalı Gürcüstan” seçkilərdə mütləq iştirak edəcək. Partiyanın namizədinin kim olacağı barədə isə hələ qərar verilməyib.

“Mənim namizədliyim irəli sürüləcək, yoxsa başqasının – bu barədə partiyanın Marneuli rayon təşkilatı birgə qərar veriləcək. Hesab edirəm ki, belə məsələ birtərəfli həll olunmamalıdır. Əgər bizim komanda mənim namizədliyimin irəli sürülməsi ilə bağlı qərar qəbul edərsə, mən Marneulinin əsl vətənpərvər və rayonunu sevən meri olması üçün mübarizə aparacağam”, – Əhməd İmamquliyev deyir.

İmamquliyevin dediyinə görə, koalisiyanın yaranması ilə bağlı partiyada müzakirə keçirilməyib, lakin hesab edir ki, İvanişvilinin hakimiyyətini məğlub etmək üçün birlikdə mübarizə yaxşı olar.

Temur Abazov vəzifəsindən istefa etməsi ilə bağlı ərizəni 12 fevral tarixində Marneuli Bələdiyyə Məclisinə təqdim edib.

İlk olaraq Bələdiyyə Məclisi onun səlahiyyətlərini 13 iyun tarixində Prokurorluq tərəfindən Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftar ilə bağlı ittiham irəli sürüldükdən sonra dayandırmışdı.

Abazov 7 ay müddətində ilkin həbsdə olub. Dekabr ayında məhkəmə onu girov qarşılığında azadlığa buraxıb.

Məhkəmə prosesi isə hələ davam edir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები