Marneulidə direktorsuz məktəblər


Marneuli bələdiyyəsinin Candar, Kürtlər, Bəylər, Tsopi, Ağqula, Ağ körpü və Algeti 2 saylı ictimai məktəblərinin direktorları yoxdur. İllərdir ki, həmin məktəblərdə nizam-intizam işlərini direktorun əvəzedicisi həyata keçirir.

Həmin məktəblərdən biri olan Tsopi məktəbinin 4 ildir ki, direktoru yoxdur. Məktəbi direktor əvəzedicisi Nəbi Ağacanov idarə edir. O, 13 ildir ki, həmin məktəbdə müəllim olaraq çalışır.

Onun sözlərinə görə, 3 il öncə o, Təhsil Nazirliyində məktəb drektorlarının seçim turunda iştirak edib. Amma ona məlum deyil ki, hansı səbəbə görə onu məktəb direktoru təyin etməyiblər.

“Üç il bundan qabaq nazirlikdə müsahibədə olmuşam. Çağırsalar gedəcəyik. Mən özüm müraciət etməmişəm. Resurs Mərkəzdən CV düzəldirlər, nə vaxt lazım olsa, göndərirlər. Oradan tələb olunanda” - Nəbi Ağacanov deyir.

Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov bizimlə söhbəti zamanı bildirdi ki, məktəblərə direktorun təyin olunması yalnız təhsil nazirliyinin əmri ilə həyata keçirilir.

“Nazirliyə hər bir informasiya verilib ki, 7 məktəbdə direktor yoxdur. Əvvələr konkurs yolu ilə idi. İndi də Təhsil Nazirliyi elan edir, Təhsil Nazirliyinin özləri danışıq, yəni müsahibə keçirib, o əsasda işçi qəbul edirlər. Təhsil Nazirliyinin müfafiq əmri ilə təyin olunur məktəb direktorları” - Kənan Ömərov deyir.

Kvemo Kartli bölgəsinin direktoru olmayan məktəblərdə direktorun səlahiyyətlərini müəllim və yaxud direktor müavini yerinə yetirir. Gürcüstan Parlamentin ötən həftə keçirilən sessiyasında Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili illik hesabatla çıxış etdi. Nazirin çıxışı zamanı deputat Savalan Mirzəyev nazirə sual ünvanlayaraq Kvemo Kartli bölgəsində bir sıra məktəblərdə direktorun olmadığını bildirdi. Amma nazir deputatın sualını cavabsız qoyaraq öz çıxışına davam etdi. Məsələyə aydınlıq gətirmək üçün biz Mirzəyevlə əlaqə saxlamağa çalışdıq. Deputat ölkədə olmadığı üçün sualmız cavabsız qaldı.

Gürcüstan Parlamentinin deputatı və Gürcüstan Parlamentinin Təhsil Komitəsinin üzvü Ruslan Hacıyevə müraciət etdik. O, bildirdi ki, Parlamentin iclasından sonra onlar təhsil naziri ilə görüşüblər. Məktəb direktorlarının təyin olunması ilə bağlı fikir mübadiləsi aparıblar və yaxın zamanlarda həmin problemlər öz həllini tapacaq.

“Sabah da bizim Təhsil Komitəsinin Barjomidə iclası keçiriləcək. Orada o mövzu ətrafında müzakirələr aparılacaq. Əllbətdə yaxın zamanlarda həllini tapmaq məcburiyyətindədir. Yenə deyirə o bizim səlahiyyətmiz xaricindədir bilirsiz. Bizim işimiz deyil, təhsil nazirlinin işidir bilavasitə. Sadəcə olaraq biz tərəfində bir fikir səsləndirildi ki, bu gecikmədən həyata keçirilməlidir. Ona görə ki, məktəbin inkişafına çox təsir edir” - Ruslan Hacıyev deyir.

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, məktəblərə direktorların təyin olunması ilə bağlı məlumatı Təhsil Nazirliyi yayımlayır, bu zaman direktorluğa namizədlərin müvafiq şəhadətnamələri olmalıdır və direktor olmaq üçün bir neçə mərhələdən keçməlidirlər. Hal-hazırda direktoru olmayan məktəblər ola bilsin ki, bu vəziyyətlə sertifikatlaşma probleminə görə üzləşiblər.

Təhsil Nazirliyi müəllimlərin seçimi müsabiqəsi ilə bağlı bu il də məlumat yayımlayacaq, lakin bunun nə zaman olacağı dəqiq məlum deyil.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები