İyunun 19-da Trans-Anadolu qaz boru kəmərinin açılış mərasimi keçiriləcək
İyunun 19-da Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.
"Marneuli" Radiosu xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev Türkiyə jurnalistlərinə bildirib.

O qeyd edib ki, TANAP-dan Türkiyəyə ilk qazın verilişi iyulun ilk həftəsində planlaşdırılmışdı, lakin Türkiyədə seçkilərin vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın açılış mərasimi iyunun 19-da olacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihədir. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.

Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2×36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 51 faiz, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) – 7 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

Mənbə: azertag.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google