VİDEO - Keniyada mehmanxana kompleksinə hücum olub, ölənlər var
Keniyanın paytaxtı Nayrobidə silahlı hücum
nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Silahlı şəxslər mehmanxana kompleksində və
ətrafında olan xalqa atəş açıblar. Bu barədə məlumatı “Əl-Cəzirə” yazır.
Hücum edənlər ilk olaraq mehmanxanaya daxil olub və atəş açıblar.
Çölə qaçan vətəndaşlar mütəşəkkil hücumun ikinci dalğası ilə
qarşılaşıblar. Ölənlər arasında bir nəfər ABŞ, bir nəfər Britaniya
vətəndaşı da var.
Yayılmış məlumata görə hücumun arxasında Somali silahlı qruplaşması
“Əl-Şabab” durur. Qruplaşma Somalidə qərbin dəstəklədiyi
hakimiyyətə qarşı mübarizə aparır.
Keniya paytaxtında hücum həmin qrupun üzvlərinin beşillik məhkəmə
prosesinin tamamlanmasından bir gün sonra baş verib. Məhkəmədə
“Vestqeyt” ticarət mərkəzində baş vermiş 63 nəfərin həyatına son
qoyan silahlı hücum müzakirə olunurdu.
Müttəhimlər terrorizm və sənədlərin saxtalaşdırılmasında ittiham
olunurdular. Lakin onlar ittihamları qəbul etmirdilər.