Yeni il vədi vermisinizmi? Onlara əməl etmək üçün sizə beş məsləhət təqdim edirik
Artıq 2019-cu ildir.

Bir çoxu özünə məhz bu an Yeni İl vədi verir.

Bu, özümüzü inkişaf etdirəcək yeni məqsədlər
və ya "yeni başlanğıclar" təyin etmək üçün əlverişli vaxt sayılır: daha sağlam həyat tərzi və ya pul yığmaq, yeni bir hobbi seçmək və ya hansısa vərdişdən tamamilə əl çəkmək.

Yeni il vədiniz nə olursa olsun, motivasiya olmadan onu həyata keçirmək qeyri-mümkündür. Hamımıza bəllidir ki, bu o qədər də asan deyil.

Yeni il üçün plan quran insanların yalnız 8 faizi məqsədlərinə çata bilirlər, Statistic Brain tərəfindən tərtib edilən və Scranton Universitetinin apardığı bir araşdırmada deyilir.

Uğursuzluqdan yayınmaq və vədə ilboyu sadiq qalmaq üçün beş sadə yol təqdim edirik. Uğurlar!



1. Kiçik işlərlə başlayın

Realistik məqsədlər müəyyənləşdirmək uğur şansını artırır.

Problemin bir hissəsi ondadır ki, əksəriyyətimiz "yeni ildə tamamilə fərqli insan olacağımız kimi yanlış hissə qapılaraq" çətin məqsədlər seçirik.

Kiçik işlərlə başlayaraq getdikcə daha çətin vədlərin öhdəsindən gələ bilərsiniz.

Məsələn, marafonda qaçmaq istəyinizə çatmaq üçün qaçış ayaqqabıları alın və az-az qaçmağa başlayın.

Və ya əgər aşpazlığa meyliniz varsa, həftədə bir dəfə mətbəxdə ananız, yoldaşınız və ya bu işi daha yaxşı bacaran başqa bir insana kömək etməklə başlaya bilərsiniz.

Məsələ məqsədləri sadələşdirmək yox, uzunmüddətli nəticələr əldə etmək üçün vədləri yerinə yetirməkdir.

 

2. Dəqiq olun

Biz, adətən, məqsədlərimizi plansız qururuq.

Amma detalları vurğulamaq son dərəcə əhəmiyyətlidir.

"İdmanla çərşənbə axşamları günorta və bazar günləri səhər məşğul olacağam" demək, "idmanla daha çox məşğul olacağam" deməkdən daha çox uğurlu alınar, Oxford Universitetindən professor Neil Levy deyir.

Bu cür spesifik və dəqiq hərəkətlər təkcə niyyətinizin yox, həm də onun tətbiqi üçün addımlar atdığınızın göstəricisidir.

 

3. Dəstək alın

Səyahətinizə qoşulmağa həvəsli insanlar tapmaq böyük motivasiya mənbəyi ola bilər.

Bu, eyni dərsə sizinlə gəlməyə həvəsi olan bir dost ola bilər. Və ya vədlərinizi ictimailəşdirə bilərsiniz.

Öhdəliyimizi ictimailəşdirdiyimiz təqdirdə onu icra etməyə daha meyilli oluruq.

Warwick Universitetindən filosof Dr John Micheal öhdəlik götürmək və onları icra etmək üçün lazım gələn sosial faktorları araşdırır.

O deyir ki, biz vədlərimizə daha çox onlar başqa insanlar üçün əhəmiyyətli olduğu zaman və məğlubiyyətin "başqalarının rifahı hesabına başa gələcəyini" anladığımız an sadiq çıxırıq.

İstər vədlərin öhdəsindən gəlmək olsun, istərsə də əlavə dəstək, başqa insanları cəlb edərək məqsədinizə daha asanlıqla çata bilərsiniz.


4. Məğlubiyyətə üstün gəlmək


Vəziyyət çətinləşən zaman, hər şeyi yenidən qiymətləndirmək üçün özünüzə zaman verin.

Hansı çətinliklərlə üzləşdiniz? Hansı taktikalar daha effektiv idi? Hansıları ən az effektiv idi? Daha realistik olmaq üçün suallarınıza cavab tapın və ən kiçik uğurunuzu belə qeyd edin.

Eyni vədi yenidən icra etmək niyyətindəsinizsə, istəyinizi və gücünüzü daha da artıracaq başqa bir yanaşma tapmağa nə deyirsiniz?

Gündəlik həyatınızda adi dəyişiklər etmək belə sizi doğru istiqamətə yönləndirə bilər.

Əgər daha sağlam qidalanmaq planınız varsa, ağ makaron və çörək yeməklə qəbul etdiyiniz karbohidrat miqdarını alternativ taxıl növləri ilə bişirilən makaron və çörəklərlə əvəzləyə bilərsiniz.

Və ya doymuş yağlarla zəngin tort və kartof çipslərini sağlam tərəvəz çubuqları və ya şirələri ilə dəyişə bilərsiniz.


5.Vədinizi uzunmüddətli hədəflər ilə uyğunlaşdırın

Davranış üzrə psixoloq Dr Anne Swinbourne-na əsasən, ən yaxşı vədlər özünüz üçün olan uzunmüddətli planın bir hissəsi kimi müəyyən etdiklərinizdir; bu halda uğur qazanmaq şansı daha çoxdur, nəinki qeyri-müəyyən və arzu kimi qalan vədlər verən zaman.

Əgər heç vaxt idmana marağınız olmayıbsa, mükəmməl atlet olmaq həvəsi çətin ki reallaşa.

"Əsasən, iradəsinin gücünə inanan insanlar uğursuzluğa düçar olurlar," o deyir.

Sizi maraqlandıran və ya həyəcanlandıran vədiniz varsa, ilk gündən onu detallı bir plana tökün.

Və yolboyu qarşınıza çıxan maneələrlə mübarizə apardıqca dəstək almaqdan çəkinməyin.







Mənbə: BBC
Print ელ. ფოსტა
თეგები: 2019-cu il
FaceBook Twitter Google