404 შეცდომა
Meriya sahibsiz itlər üçün sığınacaq tenderini elan edənə qədər Marneulidə it daha bir nəfəri dişlədi
25 aprel tarixində təqribən saat 18:00 radələrində Marneulidə “Çay Evinin” ərazisində 1 nəfəri it dişləyib. O, Marneuli-Bakı marşrutu üzrə sərnişin avtobusunda çalışır. İt dişləyəndən sonra zərər çəkən şəxs tibbi müəssisəyə müraciət edərək peyvənd vurdurub. Marneulidə sahibsiz itlər problemi uzun zamandır ki, mövcuddur. Günün hər hansı hissəsində küçələrdə çoxlu sayda sahibsiz it görə bilərsiniz.
Biz bu gün həmin ərazidə olduq və itin hücumuna məruz qaldıq. Bizi itlə bizim aramızda olan dəmir barmaqlar qoruyurdu. Həmin ərazidə olan sakinlər və sürücülər itin təhlükəli olduğunu dedilər və bildirdilər ki, itdə ola bilsin quduzluq olsun. Sakinlər onu da əlavə etdilər ki, zərər çəkən vətəndaş nəqliyyat avtobusu üçün Alget çayından su gətirməyə gedirmiş. Həmin vaxt itin hücumuna məruz qalıb və xəsarət alıb. "Çay Evi"nin ərazisində olan mühafizəçi bildirdi ki, hər kəs bu ərazidən istifadə edir. İndi onlar buradan istifadə etməsinlər deyə onlara xəbardarlıq edirlər. Amma bəzən sakinlər onların sözlərini dinləmirlər.

Meriya mövcud problemin həllini necə planlaşdırmağı nəzərdə tutur. Marneuli meriyasından bildirirlər ki, sahibsiz itlər məsələsi üzərində çalışmalar gedir, bunun üçün meriya büdcədən 20 000 lari dəyərində məbləğ ayırıb. Tender elan etməyi isə yaxın günlərdə planlaşdırırlar.
Marneulidə itlər üçün sığınacaq yoxdur. Marneuli meriyası isə itlərin sığınacaq xidməti üçün 2017-ci ilin sentyabrında tender elan edibmiş. Tenderdə yalnız bir fərdi sahibkar, Giorgi Mağlaperidze iştirak edib. Tenderin dəyəri 12 700 larini təşkil edib. İtlər Ozurgetinin sığınacağına aparılıb, ancaq Mağlaperidze bizimlə söhbət zamanı bildirir ki, tenderdə nəzərdə tutulduğu qədər itlərin tam sayını apara bilməyib.

"Marneuli" Radiosu

Print