Marneulinin Yuxarı Qullar kəndində heyvana xəstəlik düşüb
17:10 / 26.09.2018
Marneuli bələdiyyəsinin Yuxarı Qullar kəndində mal-qara arasında
xəstəlik yayılıb. Heyvanlar arasında yayılan xəstəlik nəticəsində
bir iri buynuzlu və iki xırda buynuzlu heyvan tələf olub.
58 yaşlı Əli İsmayılov Yuxarı Qullar kəndində yaşayır. Onun ailəsi
10 nəfərdən ibarətdir. Onların əsas gəlir mənbəyi hevandarlıq və
kənd təsərrüfatıdır. Əlavə gəlir yerləri yoxdur. Xəstəlik
nəticəsində Əlinin iri buynuzlu hevanı tələf olub.
Onun sözlərinə görə, bankdan götürdüyü kreditlə ailəsini
dolandırmaq üçün 20 baş iri buynuzlu heyvan alıb. Xəstəlik
nəticəsində onun heyvanlarından biri ölüb və dördü isə xəstələnib.
O, deyir ki, bu haqda baytarlıq idarəsinə məlumat da veriblər. Amma
onların problemi ilə maraqlanmayıblar. Xəstəlik haqda da onların
məlumatı yoxdur. Xəstə olan heyvanları isə öz hesablarına müalicə
etməyə çalışırlar.
O, müalicənin də heç bir nəticə vermədiyini deyir. Onlar qorxurlar
ki, heyvanlar arasında yayılan xəstəlik insanlara da keçə bilər və
bunun üçün gün ərzində evin ətrafını bir neçə dəfə dezinfeksiya
edirlər.
Əli İsmayılov onu da əlavə etdi ki, bir ay öncə Marneuli Milli
Ərzaq Təhlükəsizliyi Agentliyinə müraciət edib. Həmin mərkəzdən
onların kəndinə həkim briqadası göndərilib. Xəstəlik yayılmasın
deyə 10 baş heyvana peyvənd vurulub və digər geridə qalan hissəsinə
isə peyvəndləri bitdiyinə görə vurmayıblar. O, əlavə etdi ki, hansı
heyvanlara pevən vurulubsa, sonradan həmin xəstəlik onlara da
keçib.
Milli Ərzaq Agentliyinin Marneuli idarəsinin nümayəndəsinin
dediyinə görə, vaksinlər həqiqətən qurtarıb. Lakin bu gün sifariş
edəcəklər və daha sonra kəndlərdə qabaqlayıcı tədbirlər həyata
keçirəcəklər. Onun dediyinə görə, inəklər nodulyar dermatit (dəri
xəstəliyi) xəstəliyinə yoluxublar.
Milli Ərzaq Agentliyinin Kvemo Kartli üzrə nümayəndəsi Miranqula
Liparteliani bizimlə söhbəti zamanı bildirdi ki, infeksiyaya
yoluxmuş heyvanın müalicəsi dövlət proqramına daxil deyil, heyvanın
müalicəsinə fermer cavabdehdir. Onlar isə yalnız məsləhət verə
bilərlər. Qabaqlayıcı peyvəndlər isə pulsuz həyata keçirilir.
“Dövlət qarayara, quduzluq kimi təhlükəli xəstəliklərə
nəzarəti həyata keçirir. Nodulyar dermatit də təhlükəli
xəstəlikdir, müvafiq olaraq tədbirlər görülür. Bəzən elə olur ki,
xəstəlik daha tez ortaya çıxır, bu halda başqa metodlar istifadə
olunur” – dedi Miranqula Liparteliani.
“Bu xəstəlik bizim qonşu ölkələrdə yayılmışdı. Bu
həşəratlar vasitəsilə yayılan vektor xəstəlikdir və Gürcüstana da
yayılıb”, - deyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı layihəsinin rəhbəri Mixeil Soxadze bildirdi.
Virus infeksiyasından ölən heyvanları fermerlər özləri basdırıblar.
Mixeil Soxadze isə bu faktı yolverilməz hesab edir.
“Fermer dövlət xidmətinə məlumat verməlidir. Təəssüf
ki, niyəsə əməl etmirlər. Xəbər vermirlər, ilk növbədə ona görə
pisdir ki, basdırılmanın da öz qaydaları var. Əgər bu qaydalara
əməl edilməsə, hesab edin ki, başqa heyvanlar üçün də problemlər
yaranacaq” – dedi Mixeil Soxadze.
Soxadzenin dediyinə görə, sakinlər özləri də bəzən öz heyvanlarına
qarşı məsuliyyətli olmurlar, nə qoruyurlar, nə də hər ay
heyvanlarını müxtəlif xəstəliklər baxımından yoxlayacaq baytarları
var. Onun dediyinə görə, heyvanı olan hər bir kəs onun qayğısına
qalmağa da borcludur.