Marneuli Bələdiyyə Məclisinin
qərarı ilə Tseretelidə stadionda vəfat etmiş 16 yaşlı yeniyetmənin
dəfn xərclərini yerli hakimiyyət öz üzərinə götürüb.
Bu barədə bələdiyyə məclisinin
bugünkü iclasında məlumat verilib.
2002-ci ildə anadan olmuş yeniyetmə məşq zamanı stadionda
halsızlaşıb və dünyasını dəyişib. O, reqbi ilə məşğul olurmuş və
Marneulinin reqbi klubu “Armazi”nin üzvü olub. “Armazi” klubunun
meneceri Zurab Pinaişvilinin “Marneuli” televiziyasına müsahibəsi
zamanı bildirdiyinə görə, o, tibbi ekspert ilə söhbət edib və ilkin
məlumatlara əsasən yeniyetmənin orqanizmi zəif olub.
“Dedilər ki, yalnız ağır məşqlər üzündən olmayıb,
istənilən vaxt, adi bədən tərbiyəsi dərsi zamanı da baş verə
bilərmiş, orqanizmi çox zəifləyibmiş”, - Pinaişvili
deyir.
Mərhumun qonşularının “Marneuli” radiosu ilə söhbəti zamanı ümumi
zəifliyin ölümə səbəb olduğunu deyə bilmirlər və deyirlər ki,
ailənin qidalanma baxımından problemi olmayıb. Çünki ata işləyirdi
və ailə təsərrüfatları da var. Doqquzillik attestat da alıb.
Düzdür, anası övladları ilə yaşamır, lakin yeniyetmənin peşə
təhsili almasına yardım edirmiş. Bunun üçün onu usta yanına qoyub
və pulunu özü ödəyib.
Ailə sosial yardım da alır.