Marneuli
bələdiyyəsinin rəsmi “Facebook” səhifəsindən vətəndaşın yazdığı
şərh silinib.Həmin şərhdə “Kürtlər kəndi” səhifəsinin
administratoru, “Marneuli” radiosunun jurnalisti meriyanın
"Facebook" səhifəsində yerləşdirdiyi məlumata etiraz edirdi. Həmin
məlumat “Vətəndaş büdcəsi” layihəsi çərçivəsində Qırmızıkənddə
yolun bərpası ilə bağlı idi.
2018-ci il “Vətəndaş büdcəsi” layihəsi çərçivəsində radionun
jurnalisti Amil Məmmədovun layihəsi də maliyyələşdirilmişdi. Layihə
Kürtlər kəndində daxili yolun bərpası ilə bağlı idi. Lakin yol bu
günədək təmir olunmayıb. Jurnalist şərh yazaraq səsini bir daha
meriyaya çatdırmaq istəyib, lakin onun yazdığı şərhi səhifədə
tapmaq mümkün deyil.
Marneuli meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
Mariam Xaçidze bizimlə söhbəti zamanı bildirdi ki, meriyanın
"Facebook" səhifəsinin administratoru o, özüdür və səhifədə heç bir
şərh yazılmayıb. O, bizi böhtan atmaqda ittiham etdi.
“Ümumiyyətlə heç bir şərh görünmür, heç bir şərh
yazılmayıb və bağışlayın, bəlkə bunu onun özü eləyib. Mənim üçün də
sizin belə böhtan bəyanatınız təhqiredicidir. Mən də təxribat
yaratmaq üçün şərhi özünün yazıb daha sonra da özünün silməsindən
şübhələnirəm” – deyə Mariam Xaçidze bildirib.
Xaçidze onu da deyib ki, şərhlərin silinməsi texniki problemlə də
bağlı ola bilər.
Xaçidze ilə müsahibədən iyirmi dəqiqə sonra İctimaiyyətlə Əlaqələr
Şöbəsinin rəhbəri özü bizimlə əlaqə saxladı və dedi ki, "Facebook"
səhifəsini android əməliyyat sistemi olan telefonla açdıqda o,
şərhi görüb. Bunun ekran görüntüsünü isə çəkib bizə göndərdi.
Marneuli meriyasının rəsmi "Facebook" səhifəsinə mobil telefondan
daxil olduqda 4 şərh yazıldığı qeyd olunub, lakin şərhlərə daxil
olduqda isə heç bir şey görünmür.