Nənələrimizin inancı əbəs deyilmiş - Üzərliy həqiqətən də orqanizmə yaxşı təsir edir
09:44 / 12.12.2018
Xalq
inancına görə, üzərlik insanı bəd nəzərdən qoruyur. Buna görədir
ki, analarımız, nənələrimiz həmişə evin bir küncündə üzərlik asar,
evdə mütləq bu bitkidən saxlayardılar. Buna indi də inananlar var.
Belə ki, kiməsə göz dəyməməsi, yaxud onu gözdən qorumaq üçün
bitkinin toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla
birlikdə ocaqda qızdırılmış dəmir parçasının üzərinə
atılır.
Belə hesab edilir ki, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə
tökülən duzun yanması bəd nəzərin qarşısını alır. Əslində isə
həqiqətən də üzərlik yandıqca insan orqanizminə müsbət təsir
göstərir.
Hələ orta əsr mənbələrində üzərliyin quru olduğu, bədəni isti
saxladığı, yuxu gətirdiyi, bronxlardan bəlğəmi çıxardığı,
bağırsaqlardakı qaz qovmağı və qanı durulaşdırdığı barədə
məlumatlar var. Döş, mədə-bağırsaq, ürəkkeçmə və s. xəstəliklərin
müalicəsində istifadə edilir.
Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti
su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə
nahiyələrinə qoyulması ağrını kəsir. Əzilmiş kütlənin sidik kisəsi
üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb
içilməsi sidik göynəməsini aradan qaldırır.
Toxumu sirkədə qaynadılandan sonra alınan maye ilə bədəni ovmaq
xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və aptek
çobanyastığı ilə birlikdə dəmləməsi yaxşı nəticə verir.
Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və
balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox
xeyirlidir.
Üzərliyin kökü ilə vanna etmək sinir sisteminə sakitləşdirici təsir
göstərir.
Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi
sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm
xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.
Mənbə: Milli.az