Artıq 2019-cu ildir.
Bir çoxu özünə məhz bu an Yeni İl vədi verir.
Bu, özümüzü inkişaf etdirəcək yeni məqsədlər
və ya "yeni başlanğıclar" təyin etmək üçün əlverişli vaxt sayılır:
daha sağlam həyat tərzi və ya pul yığmaq, yeni bir hobbi seçmək və
ya hansısa vərdişdən tamamilə əl çəkmək.
Yeni il vədiniz nə olursa olsun, motivasiya olmadan onu həyata
keçirmək qeyri-mümkündür. Hamımıza bəllidir ki, bu o qədər də asan
deyil.
Yeni il üçün plan quran insanların yalnız 8 faizi məqsədlərinə çata
bilirlər, Statistic Brain tərəfindən tərtib edilən və Scranton
Universitetinin apardığı bir araşdırmada deyilir.
Uğursuzluqdan yayınmaq və vədə ilboyu sadiq qalmaq üçün beş sadə
yol təqdim edirik. Uğurlar!
1. Kiçik işlərlə başlayın
Realistik məqsədlər müəyyənləşdirmək uğur şansını artırır.
Problemin bir hissəsi ondadır ki, əksəriyyətimiz "yeni ildə
tamamilə fərqli insan olacağımız kimi yanlış hissə qapılaraq" çətin
məqsədlər seçirik.
Kiçik işlərlə başlayaraq getdikcə daha çətin vədlərin öhdəsindən
gələ bilərsiniz.
Məsələn, marafonda qaçmaq istəyinizə çatmaq üçün qaçış ayaqqabıları
alın və az-az qaçmağa başlayın.
Və ya əgər aşpazlığa meyliniz varsa, həftədə bir dəfə mətbəxdə
ananız, yoldaşınız və ya bu işi daha yaxşı bacaran başqa bir insana
kömək etməklə başlaya bilərsiniz.
Məsələ məqsədləri sadələşdirmək yox, uzunmüddətli nəticələr əldə
etmək üçün vədləri yerinə yetirməkdir.
2. Dəqiq olun
Biz, adətən, məqsədlərimizi plansız qururuq.
Amma detalları vurğulamaq son dərəcə əhəmiyyətlidir.
"İdmanla çərşənbə axşamları günorta və bazar günləri səhər məşğul
olacağam" demək, "idmanla daha çox məşğul olacağam" deməkdən daha
çox uğurlu alınar, Oxford Universitetindən professor Neil Levy
deyir.
Bu cür spesifik və dəqiq hərəkətlər təkcə niyyətinizin yox, həm də
onun tətbiqi üçün addımlar atdığınızın göstəricisidir.
3. Dəstək alın
Səyahətinizə qoşulmağa həvəsli insanlar tapmaq böyük motivasiya
mənbəyi ola bilər.
Bu, eyni dərsə sizinlə gəlməyə həvəsi olan bir dost ola bilər. Və
ya vədlərinizi ictimailəşdirə bilərsiniz.
Öhdəliyimizi ictimailəşdirdiyimiz təqdirdə onu icra etməyə daha
meyilli oluruq.
Warwick Universitetindən filosof Dr John Micheal öhdəlik götürmək
və onları icra etmək üçün lazım gələn sosial faktorları
araşdırır.
O deyir ki, biz vədlərimizə daha çox onlar başqa insanlar üçün
əhəmiyyətli olduğu zaman və məğlubiyyətin "başqalarının rifahı
hesabına başa gələcəyini" anladığımız an sadiq çıxırıq.
İstər vədlərin öhdəsindən gəlmək olsun, istərsə də əlavə dəstək,
başqa insanları cəlb edərək məqsədinizə daha asanlıqla çata
bilərsiniz.
4. Məğlubiyyətə üstün gəlmək
Vəziyyət çətinləşən zaman, hər şeyi yenidən qiymətləndirmək üçün
özünüzə zaman verin.
Hansı çətinliklərlə üzləşdiniz? Hansı taktikalar daha effektiv idi?
Hansıları ən az effektiv idi? Daha realistik olmaq üçün
suallarınıza cavab tapın və ən kiçik uğurunuzu belə qeyd edin.
Eyni vədi yenidən icra etmək niyyətindəsinizsə, istəyinizi və
gücünüzü daha da artıracaq başqa bir yanaşma tapmağa nə
deyirsiniz?
Gündəlik həyatınızda adi dəyişiklər etmək belə sizi doğru
istiqamətə yönləndirə bilər.
Əgər daha sağlam qidalanmaq planınız varsa, ağ makaron və çörək
yeməklə qəbul etdiyiniz karbohidrat miqdarını alternativ taxıl
növləri ilə bişirilən makaron və çörəklərlə əvəzləyə
bilərsiniz.
Və ya doymuş yağlarla zəngin tort və kartof çipslərini sağlam
tərəvəz çubuqları və ya şirələri ilə dəyişə bilərsiniz.
5.Vədinizi uzunmüddətli hədəflər ilə
uyğunlaşdırın
Davranış üzrə psixoloq Dr Anne Swinbourne-na əsasən, ən yaxşı
vədlər özünüz üçün olan uzunmüddətli planın bir hissəsi kimi
müəyyən etdiklərinizdir; bu halda uğur qazanmaq şansı daha çoxdur,
nəinki qeyri-müəyyən və arzu kimi qalan vədlər verən zaman.
Əgər heç vaxt idmana marağınız olmayıbsa, mükəmməl atlet olmaq
həvəsi çətin ki reallaşa.
"Əsasən, iradəsinin gücünə inanan insanlar uğursuzluğa düçar
olurlar," o deyir.
Sizi maraqlandıran və ya həyəcanlandıran vədiniz varsa, ilk gündən
onu detallı bir plana tökün.
Və yolboyu qarşınıza çıxan maneələrlə mübarizə apardıqca dəstək
almaqdan çəkinməyin.
Mənbə: BBC