Güclü yağış nəticəsində evini su basmış 8 nəfərlik ailə meriyadan kömək gözləyir
Marneulidə 2 iyun tarixində yağan güclü yağış nəticəsində 5 küçənin sakinlərinə ziyan dəymişdir. Yağlıca yüksəkliklərindən axan güclü sel Marneulinin Vaja Pşavela, Ağmaşenebeli, Yağlıca, Sulxan Saba, Leselidze və Kobuleti küçələrinin sakinlərinin evlərini və zirzəmilərini basıb.

Ağmaşenebeli küçəsi 25 ünvanında yaşayan Zeynalovlar ailəsi də daşqından əziyyət çəkən ailələrdən biridir. Kiçik və iki otaqlı evdə yaşayan 8 nəfərlik ailənin evlərində olan bütün əşyalar su altında qalıb. Orada olduğmuz zaman evin daxilində çəkiliş aparmaq istədik. Uzunboğaz rezin çəkmə geymədən evin içində hərəkət etmək mümkün deyildi.

Zeynalovlar ailəsinin üzvü 68 yaşlı Bənövşənin sözlərinə görə,evlərini özləri təmizləməyə çalışırlar. Onu da qeyd edirlər ki, onların vəziyyəti ilə hələ ki, heç kəs maraqlanmayıb.



Zeynalovlar ailəsinin sözlərinə görə ötən gün Marneuli meri Temur Abazovla və parlamentin deputatı Ruslan Hacıyevlə görüşüblər. Onlar söz veriblər ki, onlara kömək göstəriləcək. Amma onlara nə zaman kömək göstəriləcəyi məlum deyil.

Xatırladaq ki, bələdiyyədə dəyən ziyanın hesablanması üçün xüsusi komissiya artıq yaradılıb. Komissiyaya Marneuli meri Temur Abazov rəhbərlik edir.

Marneuli bələdiyyəsindən verilən məlumata görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış qrupun tərkibinə merin müavinləri, bələdiyyə məclisinin üzvləri və struktur vahidlərin nümayəndələri daxildirlər. Qrupun yaradılmasında məqsəd zərərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsidir.




Print ელ. ფოსტა
FaceBook Twitter Google