Birinci qrup əlil - uşaqlarıma verilən sosial yardımı qardaşımla bir evdə yaşadığıma görə dayandırıblar
17:23 / 07.09.2018
45 yaşlı Yuxarı Saral kənd sakini Həmzə Quliyev birinci qrup
əlildir. Onun göz damarlarında quruma baş verdiyi üçün demək olar
ki, görmə qabiliyyətini itirib. Gözlərində yaranan problemə görə o,
işləyə bilmir və ailəsini dolandırmaqda çətinlik çəkir.
O, ailədə 6 nəfərlə – iki övladı, həyat yoldaşı, atası və anası ilə
birgə iki otaqdan ibarət torpaq döşəməli evdə yaşayır. Həmzə deyir
ki, ata və anasının aldığı pensiya və əlilliyə görə özünün aldığı
180 lari pensiya ilə dolanmağa çalışırlar.
Onun sözlərinə görə, 2016-cı ildə Marneuli Sosial Xidmət
Agentliyinə müraciət edib və övladlarına yardım göstərilməsini
istəyib. Həmzə Quliyev deyir ki, iki il boyunca ona kömək edən
olmayıb. Nəhayət, 2018-ci ildən hər uşağa görə 10 lari yardım alıb.
5 ay boyunca uşaqlara verilən yardım pulunu alan Həmzə Quliyev
sonradan bu yardımın dayandırıldığını öyrənib. O, bunun səbəbini
öyrənmək üçün sosial agentliyə müraciət edib. Agentlikdən isə ona
bildiriblər ki, yardımın verilməməsinə səbəb onun qardaşı ilə birgə
bir evdə yaşamasıdır.
“Qardaşımın ailəsi mənim bir damın altında yaşamamı
səbəb gətirdilər. Yəni bu da səbəb deyil. Əksinə bu mənim xeyirim
üçün olan səbəb ola bilər. Burada qardaşımın ailəsi yaşayır,
ayrıca. Sayğacı var, yenidən yenə yoxlana bilər və özünün ayrıca
mətbəxi var, qazı da ayrıdır. Hətta qaz balonu istifadə edir.
Burada heç bir səbəbi olmadan əsasnamə gətirirlər. Yəni burada mən
qardaşımın ailəsini birlikdə əgər mən yazdırsaydım ki, 10 nəfərik
bu sayılardı. Bu mənim səhfimdir mən yazdırmışam. Mən əvvəldən də
demişəm 6 nəfər yaşayırıq. İmkansızlıqdan burada yaşayırıq bir
damın altında. Əgər bu səbəbdirsə imkan yaratsınlar qardaşım ayrı
yaşasın mən ayrı” – deyə Həmzə Quliyev bildirdi.
Quliyevin sözlərinə görə, onun müalicə olunduğu dərman
preparatlarını almağa imkanı yoxdur və dövlətdən kömək
gözləyir.
“500 larilik dərmanlardan istifadə edirəm. Dərman da
Türkiyədən gəlir. Təbii ki, burada əczəxanalar da yoxdur. Buna isə
mənim imkanım yoxdur. Artıq anamın 20 aylıq təqaüdündən də
kreditdən də istifadə etmişəm. Özümün təqaüdümü də noyabr ayına
kimi götürmüşəm. Böyük oğlum indi məktəbə getməlidir. 5-ci sinifə
oxuyur. Yaxın günlərdə məktəb ləvaazimatları və paltar alınmalıdır.
Bunların heç birini ala bilmirəm, imkan yoxdur” –
deyə Həmzə Quliyev bildirdi.
Həmzə Quliyev onu da bildirdi ki, əgər onun sağlamlığı yerinə
qayıtsa dövlətdən aldığı pulu belə geri ödəməyə hazırdır.