Güclü yağış nəticəsində evini su basmış 8 nəfərlik ailə meriyadan kömək gözləyir
15:21 / 05.06.2018
Marneulidə 2 iyun tarixində yağan güclü yağış nəticəsində 5 küçənin
sakinlərinə ziyan dəymişdir.
Yağlıca yüksəkliklərindən axan güclü sel Marneulinin Vaja Pşavela,
Ağmaşenebeli, Yağlıca, Sulxan Saba, Leselidze və Kobuleti
küçələrinin sakinlərinin evlərini və zirzəmilərini basıb.
Ağmaşenebeli küçəsi 25 ünvanında yaşayan Zeynalovlar ailəsi də
daşqından əziyyət çəkən ailələrdən biridir. Kiçik və iki otaqlı
evdə yaşayan 8 nəfərlik ailənin evlərində olan bütün əşyalar su
altında qalıb. Orada olduğmuz zaman evin daxilində çəkiliş aparmaq
istədik. Uzunboğaz rezin çəkmə geymədən evin içində hərəkət etmək
mümkün deyildi.
Zeynalovlar ailəsinin üzvü 68 yaşlı Bənövşənin sözlərinə
görə,evlərini özləri təmizləməyə çalışırlar. Onu da qeyd edirlər
ki, onların vəziyyəti ilə hələ ki, heç kəs maraqlanmayıb.
Zeynalovlar ailəsinin sözlərinə görə ötən gün Marneuli meri Temur
Abazovla və parlamentin deputatı Ruslan Hacıyevlə görüşüblər. Onlar
söz veriblər ki, onlara kömək göstəriləcək. Amma onlara nə zaman
kömək göstəriləcəyi məlum deyil.
Xatırladaq ki, bələdiyyədə dəyən ziyanın hesablanması üçün xüsusi
komissiya artıq yaradılıb. Komissiyaya Marneuli meri Temur Abazov
rəhbərlik edir.
Marneuli bələdiyyəsindən verilən məlumata görə, təbii fəlakətin
nəticələrinin aradan qaldırılması üçün yaradılmış qrupun tərkibinə
merin müavinləri, bələdiyyə məclisinin üzvləri və struktur
vahidlərin nümayəndələri daxildirlər. Qrupun yaradılmasında məqsəd
zərərin aradan qaldırılması üçün müvafiq tədbirlərin
görülməsidir.