Hidrosefaliya xəstəliyindən əziyyət çəkən uşağın yalnız yanvara qədər dərmanları var
17:06 / 30.11.2018
Yuxarı Saral kəndində yaşayan 38 yaşlı Rizvan Yusubovun ikiyaşlı
övladı hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Azyaşlı uşaq bu
günə qədər xəstəliyinə görə, 10-a yaxın cərrahiyyə əməliyyatı
olunub.
Hal-hazırda uşaq ailəsi tərəfindən ev
şəraitində müalicə alır. Rizvanın ailəsi beş nəfərdən ibarətdir və
onlar bir otaqlı evdə yaşayırlar.
Onlar aztəminatlı ailə oldularına görə, dövlət tərəfindən 280 lari
yardım alırlar. Rizvan işsizdir. O, aldığı sosial yardımla xəstə
uşağının dərman preparatlarını qarşılaya bilmədiyini deyir. Buna
görə də dəfələrlə aidiyyəti orqanlara, yerli hakimiyyətə, millət
vəkillərinə müraciət etdiyini bildirir. Deyir ki, ona sadəcə
birdəfəlik yardım göstərilib. Bunun isə yetərli olmadığını
bildirir.
Yusubovun sözlərinə görə, o, 21 noyabr tarixində Tiblisidə yerləşən
“Gürcü Arzusunun” baş ofisinə gedərək yardım istəyib.
İkiyaşlı uşağın anası Cəlilova Sitarə deyir ki, aldığı yardımla
uşağın yeməyini ancaq qarşılayırlar və dərman preparatlarını almağa
imkanları çatmır.
Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirir ki,
Yusubova hər cür köməklik göstərilib. Hətta öz şəxsi maaşından ona
kömək də edib.
Ailənin dediyinə görə, uşağın əməlyyat olunması üçün hər dəfə 4-5
min lari xərcləri çıxır və yalnız bir dəfə əməliyyat üçün dövlətdən
onlara yardım göstərilib.