Meriya üçün 5 ailə yaşayan küçənin asfaltlanması prioritet deyil (VİDEO)
Kürtlər kəndində 30 ildən artıqdır ki, əhali yolların pis vəziyyətdə olmasından şikayət edir. Kənd əhalisinin sözlərinə görə, Kürtlər İnzibati Ərazi Vahidliyinin icra nümayəndəsinə dəfələrlə müraciət ediblər, ancaq heç bir nəticə verməyib.

Kənd sakini, müəllim Xumaya Qurbanova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu yolu 1982-1983 illərdə vətəndaşlar saldırıb, ancaq o ildən bugünədək yolda heç bir təmir işləri aparılmayıb.

“Mən müəlliməm, indi təqaüdə çıxmışam. İndi də dəfələrlə Kənd İnzibati Ərazi Vahidliyinin icra nümayəndəsinə müraciət etmişik, nəticəsiz qalıb. Yolumuz bərbad haldadır, maşınlar sürüşüb yolun sağ tərəfində olan arxa düşürlər. Uşaqlarımız, nəvələrimiz məktəbə gedirlər. Yağışlı günlərdə yalnız uşaqlara rezin çəkmə geyindirməli oluruq. Məktəb paltarı ilə gedib-gələ bilmirlər. Xahiş edirik, bizim şikayətimizə baxsınlar, bu yolu düzəltsinlər”, - Xumaya Qurbanova dedi.

Yolların keçilməz vəziyyətdə olmasından narahat olan digər kənd sakini Nargilə Binnətova qeyd etdi ki, xəstə olan zaman təcili tibbi yardım briqadası kəndə gələ bilmir.

“Bizi narahat edən yollarımızın keçilməz vəziyyətdə olmasıdır. Yağış yağdıqda uşaqlar gedə bilmirlər, təcili yardım çağırırıq, gəlmir, gəlsə də, yol palçıqdır deyə keçə bilmirlər və geri qayıdırlar. Uşaqlar nə məktəbə gedə, nə də məktəbdən qayıda bilirlər. Mənim nəvəmi anası belində aparıb, gətirir. Aidiyyəti qurumlara neçə dəfə müraciət etmişik. Gəlib baxacaqlarına söz veriblər, amma baxmayıblar”, - Nargilə Binnətova qeyd etdi.

Daha bir kənd sakini Ramin Şərəfov da qeyd olunan problem səbəbindən narahat olduğunu dilə gətirir və aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görmələrini tələb edir.

“Dövlətimizdən xahiş edirik, yolumuzu düzəltsinlər. Neçə dəfə öz xərclərimiz hesabına düzəltmişik. İndi də imkan yoxdur. Qonşulara deyirik, amma imkanlarının olmadığını bildirirlər. Asfalt qatı çəkilməsini istəyirik, onu da başqa məhəllələrə salırlar. İstəyirik, bizim yolları da düzəltsinlər. Kənd sovetinə neçə dəfə bildirmişik, amma alınmadığını qeyd edir. Deyir, orada 5 ev var və oraya çəkə bilmirik. Başqa məhəllələrdə 3, 4 ev var, oraya çəkirlər, nəyə görə bilmirəm”,
- Ramin Şərəfov bildirdi.

Kənd sakini İsmayıl Qocayev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, yola çınqıl töküdürəndə yağış yenə yuyub aparır.

“Palçıq olanda günümüz budur. Nə məktəbə uşaq gedə bilir, nə qapımıza maşın çıxa bilir. Bu vəziyyətdə qalmışıq. Gündəlik yağış yağanda da sel gəlib çınqılı yuyub aparır”, - İsmayıl Qocayev dedi.

“Marneuli” radiosu qeyd olunan mövzu ilə bağlı Kürtlər İnzibati Ərazi Vahidliyinin icra nümayəndəsi Bəxtiyar Hüryənov ilə əlaqə saxladı. Onun sözlərinə görə, 2022-ci ildə layihə yazılıb, 1 kilometr 300 metr asfalt çəkilməsi planlaşdırılıb və hansı küçələr üçün olacağı məlumdur.

“Kənd əhalisi mənim yanıma gəlmişdi. Söhbət etdik, onlara başa saldım. Hər il bizə asfalt çəkilməsi layihəsi verilmir. 2022-ci ildə layihə yazılıb və 1 kilometr 300 metr asfalt planlaşdırılıb və hansı küçələrə aid olduğu məlumdur. Mən onlara məlumat verdim ki, lazım gəlsə, müvəqqəti olaraq çınqıl da tökdürmək olar. Kürtlər kəndində çox yerlər asfaltdır. Böyük kənddir, hamısını birdən etmək olmur. Hələ nəzərə alınmayıb. Bizə məlumat verilir ki, hansı küçələrdə çox insan yaşayır, ilk növbədə ora asfalt qatı çəkilsin. Bu küçədə cəmi 4 ailə yaşayır və 500 metrlik asfalt çəkilməlidir. Mənə də 1300 metrlik asfalt çəkilməsi tapşırılıb. Mən də buradan 300 metri 50 nəfərin yaşadığı küçə üçün ayırmışam. O küçə məktəblə əlaqəlidir və ixtisar etmək olmaz, amma hələ 2024-cü il büdcəsində nəzərə alınmayıb”,
- Bəxtiyar Hüryənov izah etdi.

Qeyd edək ki, Kürtlər kəndində adıçəkilən küçədən başqa digər küçələr də var ki, əhali yağış yağdıqda yoldan keçə bilmir. Onların sözlərinə əsasən, bu onlara gündəlik həyatda, məişətdə böyük problem yaradır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google