Telavidə David Leqaşvilinin azad olunması tələbi ilə azərbaycanlılara qarşı aksiya
Gecə saatlarında təqribən 40 dəqiqə ərzində Axmeta-Telavi mərkəzi avtomobil yolu Vardisubani kənd sakinləri tərəfindən bağlanıb. Aksiyanın 300-ə qədər iştirakçısı polis tərəfindən saxlanılmış soydaşları David Leqaşvilinin azad olunmasını tələb edib. Aksiya iştirakçıları azərbaycanlılara qarşı olan əhval-ruhiyyələri ilə seçilirdilər.

Vardisubani və Qaracalar kəndinin sakinləri arasında qarşıdurma 23 sentyabrda səhər, həftə bazarının ətraf ərazisində baş verib.

Qaracalar kəndində yaşayan Namiq İlyasovun dediyinə görə, onun qohumuna Vardisubani sakini David Leqaşvili hücum edib və o, silahlı imiş. Leqaşvili ilə birgə bir neçə nəfər yenə var imiş.

“Mal bazarına girdik, satmaq üçün mal-qara aparmışdım. Yeznəm isə qoyun aparmışdı. Gördüm ki, yeznəmə hücum etdilər. Əllərində “dubinka” var idi və vururdular. Birinin hətta pistoleti də var idi. Mən gedənə kimi artıq ağız-burununu dağıtmışdılar. Dəmir “dubinkanı” əllərindən aldım. Ondan əl çəkib mənim üstümə hücuma keçdilər. Təqribən on nəfər idilər. Pistoletləri var idi atəş açdılar və kişini yaraladılar. 5-6 nəfər məni döyürdü. 14 yaşlı uşağı da döydülər. Qabırğam sınıb. Əsasən Vardisubanidən idilər. Keçən həftə də mübahisə düşmüşdü. İndi isə pistoletlə gəlmişdilər. Əgər qanun varsa, ədaləti tələb edirik. Bu gün bizi döyürlərsə sabah başqasını döyəcəklər” – deyir jurnalistlərə zərərçəkmiş Namiq İlyasov.

Telavi bələdiyyə məclisində Qaracalar kəndinin majoritar deputatı Zurab Musayevin sözlərinə görə, bu günkü qarşıdurma bir həftə əvvəl baş verənin hadisənin davamıdır: “Adamın belə şəkildə döyülməsi yolverilməzdir və ümumiyyətlə bu zorakılıqdır”.

Vardisubani sakinlərinin məlumatına görə, qarşıdurmaya Qaracalar sakinləri səbəb olublar və gürcülərə birinci onlar hücum ediblər.

“Bizim dostumuzun övladı atasına aid olan yerdə kərpic istehsal edirdi. Mal-qaranı gətirib xarab ediblər. Oğlan bir dəfə xəbərdarlıq edib, ikinci dəfə xəbərdarlıq edib və üçüncü dəfə gələndə mübahisə düşdü. Çünki mal-qaranı yenə onlara aid olan yerə gətiriblər. Keçən dəfə oğlanın başına vurublar. Bu məsələ ilə bağlı öz aramızda barışdırmaq istəyirdik. Səhər gedib danışmalı idi. Onlar hücuma keçdilər və mübahisə başladı. Bazar kəndə yaxındır. Vardisubani sakinləri orada idilər və mübahisə düşdüyünü görüblər, kömək ediblər. Əgər bizi döysələr heç nə olmaz, əgər nəisə etsələr reaksiya göstərsək və ya nəisə desək qaçırlar və şikayət edirlər. Ən sonda bu yolu bağlayacağıq və heç kimi buraxmayacağıq” – qeyd edib Vardisubani sakini Zurab Mosaxlişvili.

Təcili tibbi yardım briqadaları qarşıdurma nəticəsində zərər çəkmiş 4 nəfəri Telavi Referal xəstəxanasına yerləşdiriblər. Dörd nəfər də Qaracalar sakinidir. Onlardan birinin boyun nahiyəsində odlu silahdan zərər dəyib. Tibbi yardım göstərildikdən sonra xəstələr öz istəkləri ilə xəstəxanadan çıxıblar.



DİN 41 yaşlı David Leqaşvilini qəsdən sağlamlığa zərər vurma ittihamı ilə həbs edib. DİN-in məlumatına görə, Leqaşvili qarşıdurma zamanı 32 yaşlı kişini pistoletdən atəş açaraq yaralayıb və hadisə yerindən qaçaraq gizlənib. İstintaq CM-nin 118-ci maddəsi ilə gedir. Cəza 3 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Həbs olunan şəxsin azad olunması tələbi ilə Vardisubani sakinləri axşam etiraz aksiyası keçiriblər. Onlar polisə Leqaşvilini azad etmək üçün 19:00-a kimi vaxt veriblər. Vaxt başa çatdıqdan sonra isə Axmeta-Telavi yolunu, Qaracaların döngəsinə yaxın ərazini bağlayıblar. Demək olar ki, 2 saat ərzində “Socar”ın benzin doldurma dayanacağı dayandırılıb.

Aksiya iştirakçıları jurnalistlərlə əməkdaşlıq etməyiblər və müsahibəni yalnız birinci kanalın qrupuna veriblər. Həmin qrupun operatoru isə onların öz kəndlisidir. Vardisubani sakinləri “Rustavi 2”-ni günahlandırırdılar ki, baş verən hadisəni azərbaycanlıların xeyrinə işıqlandırıblar.

Aksiya iştirakçıları polisin rəhbər şəxslərinin qarşısında etnik azərbaycanlıların ünvanına ədəbsiz sözlərlər söyürdülər və ksenofobiya bəyanatları edirdilər: “Müsəlmanlar artıq başımızda oturublar”, “tatarları qovaq”, “Gürcüstan gürcülərindir”, “yolu bağlayaq və ümumiyyətlə buraxmayaq”, “Tatarları kənddən bayıra buraxmayaq” və.s.


Yol təqribən 40 dəqiqə ərzində bağlı olub və yalnız Vardisubaniyə Kaceti polis departamentinin direktoru Şota Canuğvadze getdikdən sonra yolu açıblar. Aksiya iştirakçılarına deyiblər ki, prokurorluğun və məhkəmənin qərarını gözləsinlər. Saxlanılan David Leqaşvili 24 sentyabrda ittiham olunmalıdır və 25 sentyabrda isə məhkəmə ön tədbir olaraq müzakirə aparacaq.

Şota Canuğvadze Vardisubanidə baş tutan aksiya iştirakçılarının yanında etnik azərbaycanlılara qarşı nifrət dili daşıyan bəyanatlar edib və bu haqda "Reginfo" ətraflı olaraq məlumat verib.

Mənbə: reginfo.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google