Parlament sədrinin müavini Qia Volski larinin dəyərdən düşməsinin
əsas səbəblərindən biri kimi Birləşmiş Müxalifətin prezidentliyə
namizədi Qriqol Vaşadzenin bəyanatlarını göstərir.
Vaşadzenin ölkədə müharibə və qarşıdurma olması barədə dedikləri
sərmayədarları ehtiyatlanmağa məcbur edir və maliyyə bazarında
ajiotaj yaradır, bu isə valyuta məzənnəsinə təsir edir.
Volskinin bildirdiyinə görə, bu “Milli Hərəkat” və “Avropalı
Gürcüstan”ın milli valyutanın məzənnəsinə zərbə vurmaqla bağlı
məkrli məqsədlərinin bir hissəsidir ki, bu barədə də maliyyə
ekspertləri intensiv şəkildə danışırlar.
“Milli Bankın prezidenti də dedi və bütün ekspertlər də
deyirlər ki, ajiotaj və gərginlik, xüsusilə də namizədlərdən hər
hansı biri seçkiöncəsi vətəndaş qarşıdurması təxribatından söhbət
açırsa, bu maliyyə bazarında müəyyən ajiotajlar yaradır. Bu yalnız
gürcü fenomeni deyil, istənilən ölkədə də görə bilərsiniz ki,
valyutanın dəyərdən düşməsi nə vaxt baş verir. Bundan başqa,
larinin məzənnəsinin düşməsinə yeni il hazırlıqları da səbəb olur.
Yeni il ərəfəsi keçdikdən sonra bu vəziyyət stabilləşəcək.
Təbii ki, onların bəyanatı larinin məzənnəsinə təsir edir. Bu,
məlum faktdır, buna qarşı heç bir fikir ola bilməz. Sərmayə və
istehsalatın inkişafı ilə bağlı çalışmalar var, lakin Vaşadzenin
müharibə olacağı ilə bağlı dedikləri istənilən sərmayədarı
qorxudur. Bütün bunlar təbii ki, valyutanın məzənnəsinə təsir
edir” – Volski bildirib.