“Borcum vardı, Əliyevə zəng etdim ki, təcili...” - Lukaşenkodan etiraf
Belarus prezidenti Aleksandr Lukaşenko ötən
gün rusiyalı jurnalistlərin iştirakı ilə 5 saata yaxın davam edən
mətbuat konfransında Azərbaycanla bağlı daha bir maraqlı fakt
açıqlayıb.
Belarus prezidenti borcu olduğu üçün Rusiyanın ölkəsinə qaz nəqlini
dayandırdığını və bu səbəbdən prezident İlham Əliyevə zəng
vurduğunu etiraf edib: “O zaman mən təcili olaraq Rusiyaya 900
milyon dollar qaytarmalı idim. Doğma qardaşlarım məni
sıxışdırırdılar. Qazı kəsmişdilər. Mən zəng etdim: İlham, dedim,
(prezident İlham Əliyev) mənə təcili 900 milyon lazımdır. Maliyyə
nazirini, hökumət nümayəndələrini göndərəcəm, onlar saziş
bağlayacaqlar. Lakin mənə pul sabaha lazımdır. Putinə 900 milyon
qaytarmalıyam. Bu, yəqin ki, 8 il əvvəl olub. Sözün düzü, o, mənə
sabah 900 milyon verdi. Söz verdim ki, üç həftə sonra və ya bir aya
qaytaracam. Lakin daha tez qaytardım. Qulaq asın, bu, çox
dəyərlidir. Bu səbəbdən də mən ona çox yaxın insan kimi yanaşıram.
O da, həmçinin, mənə qarşı”.
Mənbə: Yeniavaz.com