Qonşusu Parlament üzvü Mahir Dərziyevdən şikayətləndi - "Həyətimdəki daşlarla toyuğuna hin tikdi"
Roza Məmmədova Marneulinin Lejbədin kənd sakinidir. Bir oğlunun olmasına baxmayaraq o, tək yaşayır. Oğlu isə Qaraçöpdə çobanlıq edir.
Roza Məmmədova Marneuli radiosuna müraciət edərək qonşularından şikayətçi olduğunu bildirdi. Onun sözlərinə görə, qonşusu ilə razılaşma əsasında sahib olduğu torpaq sahəsinin 1350 kv.m. hissəsini rəsmi şəkildə qonşusunun adına keçirib. Əvəzində isə qonşusu ona 500 kv.m. və 450 kv.m. olmaqla
ümumilikdə 950 kv.m. torpaq verib. Onun qeyd etdiyinə görə qonşusu ona məxsus 950 kv.m. torpağı rəsmi şəkildə adına qeydiyyatdan keçirməyib.


Mövzu ilə bağlı qonşularla da söhbət etdik və onlar Roza Məmmədovanın adına torpaq ərazisinin olduğunu daha sonra qonşusu ilə dəyişdiyini təsdiqlədilər. Lakin sonradan nə baş verib və rəsmi şəkildə torpaq onun adına keçirilib ya yox bu haqda heç bir məlumatlarının olmadığını bildirdilər.


Roza Məmmədovanı narahat edən məsələlərdən biri də Parlamentin proporsional yolla seçilmiş deputatı və qonşusu Mahir Dərziyevin onun həyətində yerləşən su kranının ətrafında olan daşları söküb aparmasıdır. O, iddia edir ki, Mahir Dərziyev həmin daşları evinə apararaq toyuq hini tikib.
Məsələyə aydınlıq gətirmək üçün Mahir Dərziyevlə əlaqə saxladıq.
Məlumatı təəccüblə qarşılayan Mahir Dərziyev gülərək, həyətində ümumiyyətlə toyuq hininin olmadığını bildirdi.

“Vallah, and içirəm ki, tikməmişəm, xəbərim yoxdur. Həyətimdə toyuq hini də yoxdur, bilmirəm haranı deyir. Bəlkə yuxusunda görüb? Nə deyim bilmirəm mənim heç nədən xəbərim yoxdur”, – Mahir Dərziyev dedi.

Qeyd edək ki, sözü gedən qonşular ölkə xaricində yaşadığına görə məsələ ilə bağlı əlaqə saxlaya bilmədik.




Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli Mahir Dərziyev
FaceBook Twitter Google