Gürcüstanda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz
Şahbazov Baş nazir İrakli Qaribaşvili ilə görüşüb.
Məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında yüksək
səviyyəli münasibətlər, siyasi dialoq və uğurlu enerji
əməkdaşlığının mövcudluğu vurğulanıb. Qlobal enerji layihələrinin
birgə həyata keçirilməsi və Gürcüstanın enerji təhlükəsizliyinə
davamlı töhfələr verilməsi strateji tərəfdaşlıq münasibətlərinin
göstəricisi kimi qiymətləndirilib. Enerji əməkdaşlığının ikitərəfli
və çoxtərəfli formatda
inkişafını təmin edəcək layihələr və yeni
imkanlar dəyərləndirilib.
Baş nazir İrakli Qaribaşvili Azərbaycanı etibarlı strateji tərəfdaş
və Gürcüstanın enerji təçhizatında əsas rol oynayan ölkə
adlandırıb. Regionda sabitliyə və inkişafa xidmət edəcək enerji
layihələri üzrə əməkdaşlığa dəstəyini ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanla
münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini
deyən energetika naziri Pərviz Şahbazov enerji əməkdaşlığını
dərinləşdirəcək imkanları diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Gürcüstanın enerji sistemlərinin ötürülmə
imkanlarının artırılması, Azərbaycandan ixrac edilən elektrik
enerjisinin Türkiyə və Avropa ölkələrinə nəqlinin təmin edilməsi
ilə bağlı görülən işlər nəzərdən keçirilib. Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstanı özündə birləşdirəcək Qara dəniz sualtı
elektrik və rəqəmsal qoşulma layihəsinin reallaşdırılmasından irəli
gələn məsələlər müzakirə edilib və bu layihənin ölkələrimiz
arasında münasibətlərdə yeni səhifə açacağı qeyd edilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin qarşılıqlı maraq doğuran
digər istiqamətləri, eləcə də qlobal enerji bazarlarındakı
vəziyyətə dair fikir mübadiləsi aparılıb.