“Mameyi adı 3 əsrdir ki, var” – Tədqiqatçının Kirovka (Mameyi) kəndinin adının qaytarılması barədə sübutu (VİDEO/FOTO)
Rondeli fondunun tədqiqatçısı Aleksandr Kvaxadze Kirovka (Mameyi) kəndinin keçmiş tarixi köklərə sahib olduğunu və bu kəndin tarixi kitablarda “Mamay” olaraq qeyd olunduğunu deyir. Kvaxazde bu barədə “Marneuli” radiosunun efirində yayımlanan “İcmal” verilişində qonaq olduğu zaman danışıb.

Onun sözlərinə görə, kəndin Mameyi olaraq adlandırılması ilə bağlı 18-ci əsrin əvvəlləri, 19-cu əsrin sonlarına aid qaynaqlar mövcuddur.

“Qədim gürcü
qaynağı İoane Baqrationi yazdığı qaynaqdır. Kartli-Kaxeti krallığının siyahısı var orada. Bu kitab gürcü dilindədir və kitabxanada tapmaq mümkündür. Bu kitabda kəndlərin siyahısı var, Araflı var, Saral və Mamay olaraq yazılmış adlar var. O vaxtlar feodalizm vaxtları idi və bütün torpaqlar 2-ci feodala aid idi. Amma kəndin adı Mamay olaraq qeyd olunub. Ona görə Mamey yox, Mamay yazılıb ki, gürcü dilində “ə” hərfi yoxdur. Misal üçün Qardabanidə Ağtəhlə və Qaratəhlə kəndləri var, amma gürcü dilində “Ağtakhlia” və “Ğaratakhlia” olaraq keçib. Sadəcə gürcü qaynaqlar deyil, rus kitablarında da Mameyi kəndi haqqında yazılıb. “Akti Kavkazskoyu Arxeoqrafiçeskoyu Kommisiyu” kitabında da yazılıb. Bu rus imperiyasında 19-cu əsrin ikinci yarısında yazılıb. Burada Borçalı qəzası var qara hərflərlə yazılmış, orada da Mamey olaraq qeyd olunub. Orada yazılıb ki, yolun kənarında Sadaxlı, Faxralı, İmirhəsən, Saral, Mameyi kəndi yerləşir. 18-ci əsrin sonlarında Qarabağdan feodallarla birlikdə gəliblər. Onlarla birlikdə ermənilər də gəliblər. Bugünkü Dəmyə və Şaumyan, Bolnisisdə Kudro kəndinə birlikdə gəliblər. Həmin vaxtlar erməni və azərbaycanlılar arasında etnik baxımdan seçkilik yox idi”.

Tədqiqatçı deyir ki, qədim zamanlardan bugünkü günə qədər Azərbaycanlılar öz yaşadıqları kəndlərin adlarına kəndin hörmətli insanı, din xadimi və eləcə də digər sayılıb-seçilən insanların adlarını qoyurlar.

“Alman sənədləri də var, orada da Mamay kəndi qeyd olunub. Bəziləri bu kəndin adının Qızıl Orda xanı, Mamay xanın adını daşıdığını deyir. Məncə bu düz deyil. Niyə?! Çünki Azərbaycan kəndlərinin çoxuna baxarsan, o kəndlərin adları kəndi quranların, ağsaqqal və ya mollaların, ağa-bəylərin, hörmətli insanların adlarını daşıyır. İmirhəsən kəndi də kəndi quran adamın adını daşıyır, Qızılhacılı kəndi orada yaşayan din adamı Səudiyyə Ərəbistanına həcc ziyarətinə gedir və qayıtdığı zaman ona “Qızıl adamsan” deyiblər və kənd də bu insanın adını daşıyır. Mamay kəndi də hansısa hörmətli adamın adına ola bilər. Qarabağda, Şuşada Mamay məscidi var. Bu da çox maraqlıdır”.

O, bu gün Mamey kəndinin sakinlərinin keçirdikləri etiraz aksiyalarını, sakinlərin adla bağlı tələbini əsaslı saydığını bildirir. Kvaxadzenin sözlərinə görə, sakinlər hansı adın olmasını tələb edirlərsə, dövlət də kəndə həmin adı verməlidir.

“Mameyi adı 3 əsrdir ki, var. Kommunistlərin kəndə Kirovka adı verməsinə baxmayaraq, sakinlər yenə də buraya Mamey adını deyirlər. Bu kənd gürcü dilində də çətin deyil. Mamay olaraq səsləndirə bilərlər. Dostluq və Yaşıl təpə adlarının da kommunist mənaları var. Məncə bura başqa dövlət deyil, Gürcüstanın kəndi və 100 illərlə yaşayan xalqıdır. Buraya başqa ad vermək düzgün deyil, xalq nə ad istəyirsə, onu da verməlidirlər. Mamey adının verilməsi məncə çox gözəl olardı”.

Məlumat üçün bildirək ki, Bələdiyyə Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə 2022-ci ildən başlayıb. Əvvəlcə kənd sakinlərinə bir neçə ad təklif ediblər, amma onlar arasında əhalinin tələb etdiyi “Mameyi” adı olmayıb. Bələdiyyə Məclisinin 2022-ci il 14 noyabr tarixində keçirilən iclasında isə Adların Verilməsi üzrə Komissiyanın üzvü məlumat verib ki, kəndə niyə “Mameyi” adını vermək olmaz. Bələdiyyə Məclisinin iclasında İrine Maçaraşvili bildirib ki, Kirovka sakinlərinin tələb etdiyi ad tarixi mənbələrdə qeydə alınmayıb. “Mamai” adı ilə bağlı bilgilər var və bu ad iki tarixi fiqurla əlaqəli ola bilər. Maçaraşvilinin sözlərinə görə, Mamai Qızıl Orda sərkərdəsi və ya müqəddəsin adı ilə bağlı ola bilər.

Kirovka kəndinin adının dəyişdirilməsi prosesi indiki mərhələyə qədər davam etdirilir. Xüsusi hökumət komissiyası kənd əhalisinin və Marneuli meriyasının təklif etdiyi adların kəndə nə dərəcədə uyğun olduğunu müəyyən etməlidir. Marneuli meriyası kəndə iki ad seçib. “Dostluq” – gürcü və azərbaycanlıların dostluğunu əks etdirən ad və “Yaşıl təpə” – kənddə tarixən inkişaf etmiş metallurgiyanın nümayiş etdirmək və artefaktları tanıtmaq üçün seçilmiş ad.


Print ელ. ფოსტა
FaceBook Twitter Google