23 noyabr tarixində Marneulinin Merab Kostava
küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdi.
Qəza zamanı 17 yaşlı yeniyetmə dünyasını dəyişmişdi.
Qəzanın baş verdiyi küçədə məktəb, kollec və yaşayış evləri
yerləşir. Kostava küçəsindən keçən yol beynəlxalq əhəmiyyətli
yoldur. Bu yoldan gün ərzində yüzlərlə yük və minik maşınları
keçir. Həmin yol yaşayış evlərinə və məktəbə çox yaxındır. Kostava
küçəsində yaşayan sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı
bildirdilər ki, həmin ərazidə tez-tez qəzalar baş verir. Sakinlər
aidiyyəti orqanların bu məsələ ilə bağlı tədbir görməsini
istəyirlər.
“Dünən baş vermiş hadisə çox bədbəxt bir hadisədir.
Bura nə isə düzəldilməlidir. Və yaxud burada polis maşını
durmalıdır ki, avtomobilləri sürətlə sürməsinlər. Çox çətin
məsələdir. Yol məktəbə yaxındır. Uşaqların olduğu bir yerdir. Çox
sürətlə sürürlər. Tək bura deyil. Hər yerdə də sürətli sürürlər.
Məktəbə yaxındır. Tez-tez burada qəzalar olur. Bir vaxtlar burada
tramplin olub. O da qırılıb. Tez də söküblər. Nə tramplin var, nə
də başqa bir şey. Burada heç bir şey yoxdur”, –
Gülnarə Nəbiyeva dedi.
“Evimizdə azyaşlı uşaqlar var. Buradan çox qorxa-qorxa
keçirlər. Dünənki hadisədən hələ özümüzə gələ bilməmişik. Çox
çətindir. Mən hadisəni gec gördüm. Onda o, ölmüşdü. Burada çox
tez-tez qəzalar olur. Qorxuruq. Oraları tez-tez maşınlar uçurur.
Bir vaxtlar ora tramplin qoydular. Buradan yekə yük maşınları gedir
deyə, tez qırıldı. Nə isə etməlidirlər. Bizim də evdə uşaqlar var.
Məktəb də yaxındır. Gedib-gələnə kimi qorxurlar. Elə özümüz də
qorxuruq. Heç adama yol da vermirlər. Keçid var. Durursan ki, yol
verərlər. Amma maşınlar sürətlə gəlib keçirlər. Maşınların səsindən
bizim evdə heç kim durmur. Yekə yük maşınları gedəndə evimiz
silkələnir”, – Günay Allahverdiyeva dedi.
“Dünənki qəzada meyit saat yarım asfaltda qaldı. Təcili
tibbi yardıma zəng edirsən, deyirlər – yoxdur. Burada tramplin
olmalıdır. O da yoxdur. Maşını çox sürətlə sürürlər. Yaxınlıqda
məktəb yerləşir. Məktəbdir, piyada keçididir. Saxlayan yoxdur.
Döngədə tez-tez qəzalar olur. Bir dəfə yekə tramplin qoydular. Bir
ay çəkmədi ki, yekə maşınlar qopartdı. O biri tramplindən lazımdır.
Bu tramplinləri yekə maşınlar qoparır. Yayda asfalt qızır, o da
boltlardan qopur. Maşınların səsi də bizi narahat edir. Amma məcbur
yaşayırıq. Bizim evimiz də yola yaxındır. Şükür, mənim uşaqlarım
böyükdür. Bizim evdə məktəb uşaqları yoxdur. Amma uşaqlar üçün çox
təhlükəlidir. Burada nə uşağa, nə də ki, heç kimə yol verən
yoxdur”, – Elçin Qəhrəmanov dedi.
“Burada maşınları çox sürətlə sürürlər. Qanunla bura
işıqfor qoyulmalıdır. Tbilisidə olandan. Məsələn, mən keçmək
istəyirəm, düyməni basıram, maşınlar dayanır, sonra keçirəm. Bu cür
şey düzəltməlidirlər. Mən orada yaşayıram. Dəfələrlə bizim
darvazanı maşın vurub, qırıb. Tez-tez qəzalar olur. Bura pis
yerdir. Maşınların sürətinə baxın. Evdən fikirli çıxırsan. Fikir
vermirsən və qəza baş verir. Əvvəllər tramplin var idi. O da
ağırlığa dözmədi, qırıldı getdi. O tramplinlər ömrü boyu burada
duran deyil. Yekə maşınların ağırlığına dözməz. Bunlar betonla
düzəltməlidirlər. Nəvələrimə hər dəfə deyirəm ki, yoldan keçəndə
sağınıza-solunuza fikir verin. Daha sonra keçin. Görün piyada
keçidini haradan qoyublar. Bir böyük adam oradan keçsin. Nə oranı
görə bilirsən, nə də buranı görə bilirsən. Burada maşınlar hər kəsi
vura bilər”, – Ayvaz Məmmədov dedi.
Qeyd edək ki,
23 noyabr tarixində Marneulinin Merab Kostava
küçəsində, 2 saylı ictimai məktəbinin yaxınlığında Qızılhacılı kənd
sakini olan 17 yaşlı qızı maşın vurmuşdu. O, hadisə yerindəcə
dünyasını dəyişmişdi. 17 yaşlı yeniyetmə Marneuli məktəblərinin
birində 12-ci sinifdə oxuyurmuş və hazırlıq kursundan evlərinə
gedirmiş.