Marneulili idmançılar Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər (VİDEO)
16:12 / 19.12.2022
Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin yetirmələri
16-18 dekabr tarixlərində Kutaisi şəhərində keçirilən beynəlxalq
turnirdə iştirak ediblər.
Dünya və Avropa çempionu Teimuraz Apxazava adına yeniyetmə və
gənclər arasında Yunan-Roma güləşi üzrə keçirilən yarışa
Marneulidən altı idmançı qatılıb. Onların üçü yeniyetmə, üçü isə
uşaq olub.
“Olimp İdman Məktəbi”nin baş məşqçisi Təbriz Bağmanov “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar komanda olaraq həmin
yarışa çox yaxşı hazırlaşıblar.
“Biz müəllimlər hər bir tələbəmizə fərdi yanaşdıq.
Hazırlıq prosesi yaxşı keçdi. Yarış da güclü idi. Birinci dəfə idi
ki, beynəlxalq turnirdə iştirak edirdik. Olimp idman məktəbinin
yetirməsi olan Hüseyn Mansurov dörd görüş keçirdi. Onların üçündə
qələbə qazanaraq finala yüksəldi. Finalda isə Macarıstan
idmançısına məğlub oldu, gümüş medal qazandı. Bu cür yarışlarda
qazandığımız medallar bizim məqsədimizə doğru irəlilədiyimizi
göstərir. Bizim məqsədimiz Avropa, dünya çempionu
yetişdirməkdir”, – Təbriz Bağmanov dedi.
Çempionat 2006-2008 və 2009-2011-ci il təvəllüdlü idmançılar
arasında keçirilib. Yarışda 400-ə yaxın idmançı iştirak edib.
İdmançıların məşqçisi Elşən Qocayevin sözlərinə görə, onların
idmançıları ilk dəfə beynəlxalq yarışda iştirak ediblər. Həmin
yarış onlar üçün uğurlu keçib.
“Yarışa Hüseyn Mansurov, Nizami Qasımov, Nasir
Bayramov, İmran Bayramov, Mansur Bayramov, İbrahim Əlləzov qatıldı.
İlk dəfə beynəlxalq turnirdə iştirak edən komandamız yaxşı nəticə
göstərdi. İdmançının təcrübəsini artıran yarışlardır. Hər yarış
başqa bir həyəcan, başqa bir təcrübədir. Yarışda tələbəmiz kiçik
səhvə görə finalda məğlub oldu. Biz ümumilikdə hər bir tələbəmizin
görüşlərini analiz edirik. Udub-uduzduqları hər görüşün xallarını,
etdikləri və edə bilmədikləri fəndləri, buraxdıqları səhvləri
analiz edib, üzərində işləyirik. Növbəti yarışlara hazırlaşırıq.
Hüseyn Mansurov gözəl güləş göstərdi. Macar idmançısına qalib gələ
bilərdi. Amma parterdə buraxdığı xırda səhvə görə, görüş əldən
getdi. Ümumilikdə çox peşəkar güləş göstərdi. Ona ümidlərimiz
böyükdür”, – məşqçi Elşən Qocayev bildirdi.
Turnirdə Gürcüstan pəhləvanları ilə yanaşı, Türkiyə, Ukrayna,
Latviya, Macarıstan və Ermənistan güləşçiləri də iştirak ediblər.
Marneulili idmançı Hüseyn Mansurov “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, onun rəqibləri güclü idmançılar olub. O,
çalışıb ki, qələbə qazansın.
“İlk iki rəqibimin üzərində vaxtından əvvəl qələbə
qazandım 9-0 və 10-0. Yarımfinala vəsiqə qazandım. Yarımfinaldakı
rəqibimi 3-1 hesabı ilə məğlub edərək, qalib gəldim. Bununla da
finala yüksəldim. Finaldakı rəqibim Macarıstan idmançısı idi. İlk
hissədə qələbə qazansam da, 2-ci hissədə səhv buraxdım və məğlub
oldum. Turniri ikinci yerdə başa vurdum. Hər yarış bir təcrübədir.
İlk dəfə idi ki, beynəlxalq turnirdə iştirak edirdim. Başqa
ölkələrin idmançıları ilə qarşılaşmaq, onlarla güləşmək təcrübəmizi
artırdı. Mənə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Mənim
məqsədim Avropa, dünya olimpiya çempionu olmaqdır. Mən bunu
edəcəyəm”, – Hüseyn Mansurov dedi.
Turnirin sonunda qaliblərə medal, diplom və kuboklar təqdim
olunub.
Qeyd edək ki, turnir Kutaisi meriyası tərəfindən təşkil olunub.
Məqsəd Yunan-Roma güləşinin populyarlaşdırılması və idmanın
inkişafıdır. Turnirin açılışı mərasimində Kutaisi meri İoseb
Xaxaleişvili, deputat Zaza Lominadze və Teymuraz Apxazava da
iştirak ediblər.