Təhsil Koalisiyası məktəbdə sağlam qidanın tətbiq edilməsi ilə bağlı Marneulidə görüş keçirib
Təhsil Koalisiyası 28 sentyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində məktəblərdə qidalar ilə bağlı görüş keçirib. Təşkilatın nümayəndələri Marneulidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri, pedaqoqlar və mövzu ilə maraqlanan şəxslərlə görüşüblər. Onların məktəblərdə qidalanma ilə bağlı fikirlərini dinləyiblər.

Təhsil Koalisiyasının rəhbəri Qiorqi Çanturianın “Marneuli” radiosuna verdiyi məlumata görə, bir neçə ildir ki, bu məsələ üzərində işləməyə başlayıblar və məktəblərdəki qidalar ilə bağlı dövlət proqramının qüvvəyə minməsi məqsədi ilə advokatlaşdırma kampaniyası aparırlar.

“Bir neçə ildir, məktəblərdəki qidalar ilə bağlı advokatlaşdırma istiqamətində işləyirik. Bu deməkdir ki, dövlətə müxtəlif yollara məktəbdə qidalanma proqramına başlasınlar. İndi yeni layihəyə başlamışıq. Layihə USAİD-in vətəndaş cəmiyyəti iştirakına dəstək proqramı çərçivəsində həyata keçirilir və bu regionlarda bu ideyanın təbliğ edilməsini, dəstəkçilərin axtarılmasını, regionlarda konkret problemlərin müəyyən edilməsini nəzərdə tutur. Bunun üçün yerli ictimaiyyəti dəvət etmişik. Müəllimlər, mülki fəallar, bu mövzu ilə maraqlananları çağırmışıq ki, onların fikrini dinləyək. Regional görüşlərimiz yenə olacaq və ictimaiyyətlə fəal ünsiyyətə davam edirik”, – Təhsil Koalisiyasının rəhbəri Qiorqi Çanturia bildirir.

Görüşün iştirakçısı, Marneuli bələdiyyəsinin Xocorni kənd məktəbinin gürcü dili müəllimi Lali Marqiani bildirir ki, məsələnin qüvvəyə minməsi çox mühümdür. O, düşünür ki, məktəb qidasının tətbiq edilməsi məktəblərdə şagirdlərin sağlamlığına, akademik iştirakına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.

“Qida çox mühümdür. Bunun üçün bir saat tənəffüs ayrılıb. Səhər saat 9-da məktəbə gələn uşaq ola bilsin, səhər yeməyi də yemir. Mən ibtidai sinif şagirdlərinə baxanda görürəm ki, çoxu kolbasa və çörək, bəzisi çips gətirir və qidalandıqlarını hesab edirlər, özlərini aldadırlar. Düşünürəm, məktəb qidası məktəb üçün möhtəşəm olar. Şagird deyəndə ki, müəllim, acmışam, heç nə edə bilmirəm, heç nə tələb edə bilmərəm. Ümid edirəm ki, ictimai məktəblərə məktəb qidası tezliklə gətiriləcək”, – Lali Marqiani bildirir.

Qeyd edək ki, dünya ölkələrinin 90% müxtəlif dərəcədə məktəbdə qidalanma və proqramlarla təmin edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google