Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ
münaqişəsi başlayandan bəri ilk dəfə birgə bəyanat imzalayıb.
Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və
Ermənistanın baş siyasi qurumları tərəfindən verilib. Onlar
əsirlərin dəyişdirilməsinə razılaşıblar.
Razılaşmaya görə, 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçini
tərəflər müvafiq olaraq azad edəcək.
Birgə bəyanat aşağıdakı 3 məsələni əhatə edir:
"Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq,
Azərbaycan Respublikası
32 erməni hərbçini azad edir. Ermənistan
Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və
xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir",
bəyanatda deyilir.
Azərbaycan və Ermənistan bir-birinin namizədliklərini müxtəlif
təmsilçilik üzrə dəstəkləyiblər.
Bəyanatda deyilir ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz
namizədliyini geri götürür və, Azərbaycan Respublikasının
namizədliyini dəstəkləyir.
Xoş niyyətin təzahürü olaraq, Azərbaycan da, Ermənistanın Şərqi
Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini
dəstəkləyir.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan
gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı
fikrini bölüşür", bəyanatda deyilir.
"İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi
bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq
niyyətini bir daha təsdiq edir”, birgə bəyanatda deyilir.
Azərbaycan və Ermənistan qarşılıqlı etimad yaratmaq öhdəliyi
götürdüklərini də bəyan ediblər.
Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu
tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam
etdirəcəklər, bəyanatda deyilir.
Tətərflər beynəlxalq ictimaiyyəti "iki ölkənin qarşılıqlı etimadın
yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət
təsir göstərəcək səylərini dəstəkləməyə" çağırıblar.
Məmbə: BBC AZ