Başqa cür olsa idi Aytac xilas ola bilərdi (?)
“Marneuli Doğum Evində 14 yaşlı qız uşaq dünyaya gətirib”
“15 yaşlı qızı valideynləri zorla evləndirirdilər”

“Direktor 16 yaşlı qızın nişanlandırılması faktına reaksiya göstərməyib”
“15 yaşlı qızın gizli nişanı haqqında onun sinif yoldaşları məlumat yayıb”
“Marneulinin ictimai məktəb müəllimlərindən biri 14 yaşlı qızın nişanını pozub”


Bu Marneuli bələdiyyəsində son illər ərzində erkən yaşda nikah və nişanlandırılma haqqında yayılmış məlumatların bir qismidir.

Azyaşlı ilə nikah hallarının hər birinin arxasında uşaqlığını itirən qız dayanır. Onun arxasında isə valideynləri, böyüdüyü icma, məktəb, hüquq-mühafizə orqanları və yerli özünüidarə durur. Onlar bu hadisələrin qarşısını ala bilməyiblər və ya əksər hallarda azyaşlıya psixoloji ya fiziki ziyan vurmuş cinayətlərə dəstək də olublar.

Hüquq müdafiəçiləri razılaşırlar ki, məktəb uşağın özünü mühafizədə hiss etməli olduğu və öz problemləri barədə ictimai şəkildə danışa biləcəyi yerdir. Məhz məktəb yönləndirmə mexanizminin əsas bəndlərindən biridir (uşaq nikahının və nişanlanmasının aşkarlanması və qarşısının alınması), lakin məktəb həmişə uşağı müdafiə etmir.

Məktəb 27 yaşlı, onu qaçıran şəxs tərəfindən güllələnərək öldürülən 14 yaşlı Aytacı lazımi səviyyədə qoruya bilmədi. Aytac Dmanisi bələdiyyəsinin Yuxarı Qarabulaq kənd ictimai məktəbində təhsil alırmış. Onun qətlindən sonra məktəb direktoru qızın qaçırılması ilə bağlı məlumatı olmadığını deyib və uşağın anası Aytacın oktyabr ayından məktəbə getməyə davam edəcəyinə söz veribmiş.

Aytac Dmanisidə, Hüseynkənddə yaşayırmış. Məktəbə isə Yuxarı Qarabulağa gedirmiş. Hsüeynkənddə məktəb fəaliyyət göstərmir – tavan uçub, pilləkanlar çürüyüb, sinif otaqlarında otlar bitir, döşəmə və tavan mamırla örtülüb. Aytacın həmkəndliləri erkən yaşda nikah barədə danışmaq istəmirlər. Amma məktəbin qızların inkişafı üçün nə dərəcədə mühüm olduğunu qeyd edirlər.

“2 mərtəbəli məktəbdir. Sahibsizlikdən məktəb dağıldı və uşaqlar Qarabulağa gedirlər. O, qız da (Aytac) oraya getdi və öldü. Bu məktəbin olmamasına görə, baş verdi”, – Hüseynkənd sakini Kamandar Qəhrəmanov bildirir.

“Məktəbimiz yoxdur və nəvələrim Marneulidə təhsil alırlar. Əvvəl məktəb var idi, amma indi uçub və uşaqlarımız başqa kəndə gedirlər”, – Fəridə Ömərova bildirir.


Marneulili hüquq müdafiəçisi Samirə Bayramova təhsil sisteminin keyfiyyətsizliyindən danışır. Onun sözlərinə görə, erkən yaşda nikahın qarşısı almaqda əsas rolu məktəb daşımalıdır, ancaq reallıq bunun tam əksini göstərir.

“Bu gün erkən yaşda nikah qurbanı olanlara göründüyü kimi məktəb müvafiq təhsil, ümid, resurs verə bilməyib. Ona görə də uşaq məktəbən qaçmaq istəyir. Ancaq yaxşı direktorlar, müəllimlər, qanunu bilənlər, təhsil sistemi haqqında məlumatı çox olanlar, məktəbin rolu haqqında bilən şəxslərin olduğu məktəblərdə erkən nikah olmur və olsa da müəllim uşaqla, ailəsi ilə danışmağa çalışır. Onların maksimum dərəcədə müvafiq qurumlara müraciət etmək və bu problemi həll etmək cəhdini dəfələrlə görmüşük”, – Samirə Bayramova bildirir.

Qızılhacılı 2 saylı və Baydar ictimai məktəbinin direktorları və şagirdləri də erkən yaşda nikahı, nişanlanmanı problem hesab edirlər.


Gürcüstan qanunvericiliyi ilə nikaha girmək yaxşı olaraq 18 yaş müəyyən edilib. Azyaşlı ilə nikah qanunla cəzalandırılır.

“Erkən nikahdan danışanda və bəzən uşaq nikahı ifadəsini işlətdikdə burada mühüm olan yaşdır. Əgər şəxs hələ 16 yaşına çatmayıbsa və nikaha daxil olubsa, aydındır ki, nikah cinsi əlaqəyə girməni nəzərdə tutur, burada açıq-aşkar cinayət işi var. Əgər 16 yaşdan 18 yaşa qədər olan şəxs nikaha girirsə, dövlət bunu nikah kimi qəbul etmir, çünki dövlət deyir ki, belə ciddi, yəni evlilik mənasını verən qərarı ancaq böyüklər verməlidir”, – hüquq müdafiəçisi Baia Pataraia bildirib.

Pataraianın sözlərinə görə, ən böyük problemlərdən biri ailə üzvlərinin nikahla bağlı müstəqil qərar qəbul etməsi və azyaşlı uşağı bu qərara tabe olmağa məcbur etməsidir.

“Bu halda azyaşlı qərar verə bilməzdi və vermir, amma ailəsi qərarı verir və çox vaxt bu məcburi qəbul edilmiş qərardır. Bizdə azyaşlının başqa maraqlarının olduğu, evlənmək istəmədiyi ilə bağlı bir çox real faktlar var. Məsələn, təhsilini davam etdirmək istəyir və ya başqa planları var, amma ailəsi ona mane olur. Aydındır ki, bu məcburi nikahdır. Hüquqi baxımdan bu hətta evlilik deyil və Gürcüstanda belə problemlər mövcuddur və realdır”.

Hüquq müdafiəçisinin sözlərinə görə, ədliyyə sistemində qadınlara və qızlara qarşı ayrı-seçkilik var ki, bu da gender həssaslığının olmamasından irəli gəlir və dövlət cinsi cinayətləri görmür. Baia Pataraia bildirir ki, dövlətin cinsi cinayətlər ilə bağlı siyasət və qanunvericiliyi problemlidir və dəyişdirilməsinə ehtiyac var.

Təcrübə də ayrı-seçkilik münasibətini göstərir, buna əsasən əgər yetkin şəxsin yaşı 16-dan az olan şəxslə razılıq əsasında cinsi əlaqədə olması sübut olunarsa, bu kiçik cinayət hesab edilir və prosessual razılaşma bağlanır. Beynəlxalq təcrübəyə əsasən isə, 16 yaşına çatmamış şəxslə cinsi münasibətlər istənilən halda zorlama kimi qiymətləndirilir.

Pataraianın sözlərinə görə, Aytacın qətli bizə göstərdi ki, erkən nikahların qarşısını daha effektiv şəkildə almaq üçün cəmiyyətin hökumət qarşısında daha sərt tələblər qoymasının vaxtı çatıb.

Polis dörd günlük axtarışdan sonra oktyabrın 10-da Aytacın qatilini, onun "ərini" həbs edib. Asim Aslanov barəsində həbs qətimkan tədbiri seçilib. O, ailə üzvünə qarşı ağır şəraitdə qəsdən adamöldürmə, nikaha məcbur etmə, qanunsuz olaraq odlu silah saxlama, qanunsuz olaraq azadlıqdan məhrum etmə maddələri ilə ittiham olunur.

Məhkəmə qatildən başqa Aytacın anası və dayısını da həbsinə qərar verib. Onlar nikaha məcbur etməkdə və cinayət barədə məlumat verməməkdə ittiham olunurlar. Bu qurbanın ailə üzvlərinin məcburi nikaha görə həbs olunduğu nadir hallardan biridir. Aytacın qətli dövləti daha sərt reaksiya göstərməyə məcbur etdi ki, bu da presedentə çevrilə və Gürcüstanda yaranmış təcrübəni dəyişdirə bilər.

“İndiyə qədər bu bir hadisə dövlətin daha sərt yanaşdığı iş kimi görünür, amma mən şəxsən məktəb rəhbərliyinin məsuliyyətini və bu cinayətin baş verdiyini bilən, lakin bu barədə heç kimə xəbər verməyən dövlət məmurlarının məsuliyyətini görənə qədər dövlətin bu işi vicdanla araşdırdığını deyə bilmərəm. Bu gün azərbaycanlı icmasında cəzalandırılmamaq sindromu hökm sürür, çünki əslində heç kim cəzalandırılmır və insanlarda etdiklərinin yolverilən olduğu barədə illüziyaları var”,
– Baia Pataraia deyir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ildə yetkinlik yaşına çatmamış şəxslə nikah bağlamaq zəminində törədildiyi iddia edilən 134 cinayət işi, 2021-ci ildə 212 cinayət işi, 2022-ci ilin 6 ayında (1 yanvardan 30 iyuna qədər) - 61 cinayət işi üzrə istintaqa başlanılıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google