Marneulidə 30 yaşlarında kişini vuran qatar Tbilisidən Yerevan
istiqamətində hərəkət edirmiş.
“Gürcüstan Dəmir Yolları”ndan aldığımız məlumata görə,
Tbilisi-Yerevan istiqamətində hərəkət edən qatarın personalı
Ermənistan Dəmir Yollarının nümayəndələrindən ibarət olub. Qatarın
maşinisti ifadə verməyə aparılıb.
Ötən gün, 15 oktyabr tarixində Marneuli-Şulaveri yolunda qatar 30
yaşlarında kişini vurub. Şahidlərin bildirdiyinə görə, kişi güman
ki, sərxoş vəziyyətdə olub. O, relslərin üstündə başını aşağı
salmış vəziyyətdə oturubmuş və qatarın xəbərdarlıq siqnalına
baxmayaraq relslərdən kənara uzaqlaşmayıb.
Dünyasını dəyişmiş kişinin cəsədi Məhkəmə-Tibbi Ekspertizanın
Rustavi şöbəsinə aparılıb.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin dəmir yolu
hərəkəti təhlükəsizliyinin və istismarı qaydalarının pozulmasını
nəzərdə tutan 275-ci maddəsi ilə istintaq başlayıb.