Saxlanılmasından dörd gün ötməsinə baxmayaraq, bunun səbəbi məlum
deyil, ona hüquqi yardım göstərmək mümkün deyil.
Azərbaycan respublikası sərhəd keçid məntəqəsində 7 noyabr
tarixində saxlanılan İHHŞ “Ümum Gürcüstan Ali Dini İdarəsi”nin
sədri və şeyxi Mirtağı Əsədovun vəziyyəti məhz bu cürdür.
Qeyri-hökumət təşkilatları qeyd olunan fakta münasibət bildirirlər
və Gürcüstan və Azərbaycanın təcili reaksiya göstərmələrini
istəyirlər. Bir neçə dəfə məhkəmədə Əsədovun nümayəndəsi olmuş və
ona yardım etmiş Gənc Hüquqşünaslar Assosiasiyasının sədr müavini
vəkil Nona Kurdianidze deyir ki, saxlanılmanın səbəbləri onlara
məlum deyil.
“Gözləmə rejimindəyik, məlumatın dəqiqləşdirilməsini
gözləyirik. Onun sağlamlığı və azadlığının qorunması çox vacibdir.
Vəkillə görüşmək hüququ olmalıdır. Onun azadlıqdan məhrum
edilməsinin səbəbləri aydınlaşdırılmalıdır. Çünki o, Gürcüstan
vətəndaşıdır, vəziyyətin aydınlaşdırılması üçün və daha çox məlumat
əldə edə bilməyimiz üçün müvafiq idarələr, ilk növbədə Xarici İşlər
Nazirliyi çox böyük səy göstərməlidir.” – Nona Kurdianidze
deyir.
Mirtağı Əsədovun məsələsini daha bir təşkilat – “Tolerantlıq və
Müxtəliflik İnstitutu” da araşdırır. Təşkilatın nümayəndəsi Şota
Tutberidze bildirir ki, bu vaxta qədər əldə olunan məlumata görə
saxlanılan şəxsə qarşı ittiham irəli sürülməyib. Saxlanılmanın
səbəbləri izah edilməyib və ailəsi də harada olduğunu bilmir, vəkil
hüququndan da yararlana bilmir. Tutberidze deyir ki, bu məlumatlara
əsasən Əsədovun qanunsuz şəkildə saxlanıldığını demək olar.
“Biz Gürcüstan Xarici İşlər Nazirliyi, Azərbaycan
respublikasındakı Səfirlik və Konsulluq ilə fəal ünsiyyətdəyik.
Ümid edirik ki, məlumat almaqda bizə yardımçı olacaqlar. İnsanın
praktiki olaraq qaçırılması və vəkilinin olmaması, hara
aparıldığının məlum olmaması və vəziyyəti barədə məlumatın
verilməməsi heç nə ilə əsaslandırıla bilməz. Azərbaycan dövlət
orqanlarını Mirtağı Əsədova ailəsi ilə görüşmək imkanı və vəkil
xidmətindən yaralanma hüququ verməyə çağırırıq”. - Şota
Tutberidze deyir.
Məsələ ilə bağlı bu gün axşam saatlarında Marneuli İmam Əli
Məscidinin axundu və imam cüməsi Hacı Hacıyev Ümum Gürcüstan Ali
Dini İdarəsi adından bəyanat verib. O, bildirib ki, Mirtağı
Əsədovun saxlanılma səbəbləri ilə bağlı hər hansı məlumat əldə
olunarsa bu barədə ictimaiyyətə dərhal məlumat veriləcək.
“Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsinin sədri və
şeyxi Mirtağı Əsədov bu yabrın 7-də Gürcüstan sərhədini keçmiş və
saat 14:00 radələrində Azərbaycan sərhəd mühafizəçiləri tərəfindən
saxlanılmışdır. Saxlanılmanın səbəbləri barədə hələlik heç bir
məlumat yoxdur. Hər hansı bir məlumat əldə edildikdə dərhal
ictimaiyyətlə paylaşacağıq” – deyə Hacı Hacıyev
bildirib.
“Marneuli” radiosunun məlumatına görə, Mirtağı Əsədovun həyat
yoldaşı səfirliyə çağırılıb.
Xatırladırıq ki, İHHŞ “Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsi”nin sədri və şeyxi Mirtağı Əsədov 7 noyabr tarixində
Azərbaycan respublikası sərhəd keçid məntəqəsində saxlanılıb.
Ola bilsin onun saxlanılması Gürcüstanda şiə müsəlmanlarının hüquq
və dini konfesiyaların bərabərhüquqluluğu üçün mübarizə aparması
ilə əlaqəli olsun.
Mövzu ilə bağlı digər xəbərlər:
Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsinin rəhbəri Mirtağı Əsədovu Azərbaycanda indiyə qədər
müəyyən olmayan səbəbdən saxlayıblar