Rusiya Ermənistana Azərbaycanla sülh müqaviləsi barədə nəyisə diqtə
etmir və etməyə də hazırlaşmır.
Bunu Rusiya prezidenti Vladimir Putin oktyabrın 27-də Valday
diskussiya klubunda deyib.
O vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh
müqaviləsinin “Vaşinqton variantı” Qarabağ üzərində Bakının
suverenliyini nəzərdə tutur:
“Sülh müqaviləsi, əlbəttə, lazımdır. Və biz sərhəd məsələsinin dinc
yolla tənzimlənməsi və həllini dəstəkləyirik. Hansı variantı seçmək
Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz
işidir. Bütün hallarda hansı variant olursa olsun, sülhə gətirib
çılxaracaqsa, biz bunun yalnız tərəfdarıyıq”.
Putin deyib ki, Moskva heç nə sırımaq istəmir:
“Biz Ermənistana nəyisə diqtə edə bilmərik və buna
hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi
sülh müqaviləsinin hansısa konkret variantını, məsələn Vaşinqton
variantını seçmək lazım olduğunu düşünürsə, buyursun. Bu variant
Azərbaycanın Qarabağ üzərində suverenliyini nəzərdə
tutur”.
Rusiya prezidenti söhbətinə belə davam edib:
“Əgər erməni xalqı, rəhbərliyi hesab edirlərsə ki,
Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh
müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür.
Sözsüz ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır ki,
razılaşmalar digər tərəf üçün də məqbul
olsun”.
Putin qeyd edib ki, Ermənistan Rusiyanın strateji partnyoru və
müttəfiqidir, buna görə də Moskva Azərbaycanın maraqlarını nəzərə
almaqla, Ermənistanın özünün nə təklif etməsindən çıxış edəcək.
Rusiya prezidenti xatırladıb ki, Moskva uzun illər Yerevanla dialoq
aparıb və təklif edib ki, Azərbaycana Qarabağ ətrafındakı beş rayon
verilsin, iki rayon isə Qarabağla əlaqə üçün saxlansın, amma
Ermənistan “öz yolunu” seçib və nəticədə “bugünkü vəziyyət”
yaranıb.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa
edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə
bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın
dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları
yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan
arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Mənbə: azadlıqradiosu.org