Əqli geriliyi olan 70 ukraynalı kimsəsiz uşaq Rumıniyanın Prahova
vilayətində yerləşdirilib. Bura Ukraynayla şimal sərhədindən 200
kilometr cənubda, Odessa bölgəsindən 250 kilometr qərbdə yerləşir.
Ukraynanın dövlət uşaq evlərindən gətirilmiş 27 uşaq Baikoi
şəhərinin “Raze de Soare” (“Günəş şüaları”) adlı dövlət uşaq evində
yerləşdirilib. Yaxınlıqdakı Posesti və Valenii de Munte icmalarında
da bu qədər uşaq yerləşdirilib.
Bu uşaqlar müharibənin ilk günlərindən xaricə köçürülüblər. Onların
Ukraynadan çıxışını təşkil edənsə rumın dövlət və özəl qurumlarının
şəbəkəsidir. Bu şəbəkə çoxu qadın və uşaqlardan ibarət 86 min
ukraynalıya ev sahibliyi edir. Dövlət və özəl maliyyə vəsaitindən
başqa fərdi şəxslər də yardım edir.
Ən kiçikləri 6 yaşında olan bu uşaqlara həyat və təhsillərini
təhlükəsiz davam etdirməyə yardım göstərilir. Ukraynalı müəllimlər
sərhədin hər iki tərəfindəki uşaqlarla işləmək üçün hər gün
yüzlərlə kilometr yol qət edirlər.
Daha kiçik uşaqların çoxu ümumiyyətlə danışmır. Bəziləri isə öz
düşüncələrinə qapanmış təsiri bağışlayır. Aralarında yeni sima
görəndə çox sevinənləri də var.
Onların hamısı ilə işləmək üçün Ukraynadan qadın müəllimlər gəlir.
Müəllimələr adətən, bir aylıq gəlirlər.
Uşaqların bəziləri rumın dilini öyrənir. Rumın dilini bildiyi üçün
uşaqlarla mərkəz arasında əlaqə yaratmağa kömək edə bilən Lena adlı
müəllimə uşaqların yeni evlərinə uyğunlaşdığını və yaxşı
yediklərini deyir. “Bizə kral kimi qulluq edirlər”, – gözləri
yaşaran Lena danışır.
Mərkəzin direktoru Letitia Musat deyir ki, bu bir icma
təşəbbüsüdür. Rumınlar bu işə ürək qoyublar. Onlar geyim və
gündəlik tələbat əşyaları ianə ediblər. Şirkətlər və QHT-lər motor
bacarıqlarının inkişafına kömək edən sensor otaq və bir neçə dərs
otağı üçün maliyyə vəsaiti ianə ediblər.
Beynəlxalq donorlardan biri Amerika aktyoru Şon Pennin (Sean Penn)
təsis etdiyi CORE təşkilatıdır. CORE artıq martdan bəri
Rumıniyadakı Ukrayna qaçqınlarına 1 milyon dollar həcmində yardım
edib.
CORE “Raze de Soare” mərkəzinə də minlərlə dollarlıq yardım edib,
qış geyimləri, tədris və istirahət materialları, televizor
bağışlayıb.
Təşkilat mərkəzdə psixoloji və nitq terapiyası məkanının
yaradılmasına da dəstək verir və gələcəkdə mərkəzin uşaqlarına
stomatoloji xidmətlər göstərilməsini planlaşdırır.
Mərkəz müharibə ərəfəsində yetimlər evindən təcili uşaq müdafiə
mərkəzinə çevrilməyə hazırlaşırdı. Çünki onun sonuncu sakinləri də
daimi evlərə yerləşdirilmişdi.
Ancaq fevralın sonunda Rusiyanın Ukraynaya hücumu başlayandan sonra
mərkəzin yeni missiyası yaranıb. İndi o, Avropada II Dünya
müharibəsindən bəri ən ağır münaqişə bitənə və sülh bərpa olunana
qədər 8 milyon Ukrayna qaçqınının ən həssas qrupuna aid uşaqlara
xidmət edəcək.