Dekabrın 7-də Brüsseldə Ermənistanın Baş naziri
Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyə bilər.
AZƏRTAC-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev noyabrın
25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca:
geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq
konfransda çıxışında bildirib.
Dövlət başçısı deyib: "Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi
nəzərdə tutulurdu. Lakin dünən (prezidentin köməkçisi) Hikmət
Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə
yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə
yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi
təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş
tutmayacaq".
Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları
Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla
Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın
6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı
ilə Praqada gerçəkləşmişdi. Həmin görüşdən sonra Ermənistan
Azərbaycanla sərhədə mülki Aİ missiyası göndərilməsinə razılıq
verdi.
Amma oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan
liderlərinin üçtərəfli görüşü də keçirildi. Görüşdən sonra Rusiya
Prezidenti Vladimir Putin demişdi ki, görüş çox faydalı olub. Lakin
vurğulayıb ki, razılaşdırılmayan məsələlər də olub.
Bununla belə, tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı
bəyanat qəbul ediblər. Bəyanatda Rusiya sülhməramlı kontingentinin
Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd
edilib.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa
edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il
noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan
sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya
sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan
arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs
razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona
bitişik 7 rayonu işğal edilmişdi.