Əhali eyvanları uçduqdan sonra təmir olunmamış binaya qayıdıb
65 gündən artıqdır ki, Marneulidə Nərimanov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının iki eyvanı uçub. Hadisə nəticəsində iki qadın həyatını itirmişdi. 26 iyun tarixində qeyd olunan ünvanda yerləşən binanın beşinci mərtəbəsindəki mənzilin eyvanı uçaraq dördüncü mərtəbəki mənzilin eyvanının da uçmasına səbəb olmuşdu. Hadisədən sonra Marneuli meriyası vətəndaşları mehmanxanaya yerləşdirmişdi.

Eyvanları uçmuş binanın vəziyyətini Levan Samxarauli adına Milli Məhkəmə Tibbi Ekspertiza Bürosu araşdırıb. Onların gəldiyi nəticəyə görə, binada bərkitmə-gücləndirmə işlərinin aparılmasına ehtiyacı var. Buna baxmayaraq, bina sakinləri yenidən öz mənzillərinə qayıdıblar.
Akif Bayramovun anası eyvanların uçması nəticəsində dünyasını dəyişib. O, qeyd edir ki, bədbəxt hadisə zamanı evdə olub.

“Mən işdən qayıdanda təxminən saat səkkizə iyirmi dəqiqə işləmişdi. Paltarımı soyundum və şortik geyindim. Anam paltarı sərmək üçün eyvana çıxdı. Mən isə mətbəxdə idim, su içmək istəyirdim və səs eşitdim. Yuxarıda qonşu qız var idi, bir ailə kimi idik və onun səsini eşitdim. Gözümü açanda artıq gördüm ki, qız yerə yıxılıb, onda anamı ümumiyyətlə görmədim. İndi də düşünürəm ki, ola bilsin yuxudur. Meriyadan başsağlığına gəlmişdilər, ondan sonra gəlməyiblər. Bir dəfə gəldilər, eyvanı, evi yoxladılar, nə isə yazıb dedilər ki, bir aya təmirə başlayacaqlar. Artıq iki ay keçib, ancaq işlərə başlanılmayıb”.

Akif bildirdi ki, bina təcili surətdə təmir olunmalıdır. Çünki eyvanlardan başqa zirzəmi, pilləkənlər və dam örtüyü də pis vəziyyətdədir.

“Dedilər ki, eyvan qəzalı vəziyyətdədir və heç kim bayıra çıxmasın. Təmir olunana qədər heç kəs çıxmasın. Zirzəmi və dam örtüyü pis vəziyyətdədir. Dam örtüyündə də problemlər var idi. Beşinci mərtəbənin sakinləri deyirdilər ki, su damır və ona da təmir lazımdır. İndi mərtəbələr də çox pis vəziyyətdədir. Biz də çıxılmaz vəziyyətdə qalmışıq. Bilmirik nə olacaq. Hər gün bu pilləkənlərlə çıxıb-düşürük. Ancaq biz də qorxuruq”, – Akif Məmmədov bildirdi.

Həvva Məsiyeva da Nərimanov 1 ünvanında yerləşən binada yaşayır. Təqaüdçü qadın bizimlə söhbəti zamanı bildirdi ki, eyvanlar uçduqdan sonra ailələri mehmanxanaya yerləşdiriblər, amma bir neçə həftə gözlədikdən sonra özləri qəzalı vəziyyətdə olan evə qayıtmağa qərar veriblər.

“Təxminən iki ay burada qaldıq. Yaxşı baxırdılar, yemək də verirdilər. Yemək evdəki kimi deyildi, amma minnətdaram ki, nə lazımdırsa, verdilər. Yaxşı otaqlar idi. İki aydan sonra özümüz, güclə evə qayıtdıq. Çünki hər şeyimiz buradadır. Geyim və əşyalarımız mehmanxanada deyildi, uşaqlar da məktəbə getməli idilər və ona görə gəldik. Mer dedi ki, sentyabrdan başlayacaqlar. Dam örtüyünü, eyvanları təmir edəcəklər. Amma hələ heç kim gəlməyib və necə yaşadığımızı soruşan yoxdur. Ən əsası odur ki, dam örtüyü və eyvanlar təcili surətdə düzəldilməlidir. Qış gəlir, soyuq və yağış olacaq, baxın, eyvanlar necə pis vəziyyətdədir. Bayırda oturmağa qorxuruq, yuxarıdan daşlar tökülür”, – Həvva Məsiyeva bildirir.

Marneuli merinin müavini Roin Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriya Nərimanov 1 ünvanındakı binanın əsaslı təmir olunmasına qərar verməyib. O, bildirdi ki, binanın zirzəmi, pilləkən, dam örtüyü, eyvanlar və fasadında işlər planlaşdırılır.

Dekanoidzenin sözlərinə görə, işlərin həyata keçirilməsi üçün tender yaxın gələcəkdə elan olunacaq. Bunun nəticəsində Nərimanov 1 ünvanındakı binanın təmirinin nə zaman başa çatacağı məlum olacaq. Ona qədər isə sakinlər yenə eyvansız və pilləkənlərin uçması qorxusu altında yaşamağa davam edəcəklər.

"Marneuli" Radiosu
Print