Üç aydan artıqdır ki, Marneulinin Kürtlər və Aşağı Qullar kəndini
birləşdirən piyada körpüsü sıradan çıxıb.
Körpünü 4 apreldə baş vermiş daşqın zamanı Xram çayı yuyub aparıb.
Hadisədən bir ay sonra “Marneuli” radiosu sıradan çıxmış körpü ilə
bağlı Marneuli meriyasına müraciət etdi.
Meriyadan bildirdilər ki, araşdırdıqdan sonra, ehtiyacdan və
meriyanın maliyyəsindən irəli gələrək problemin həlli üçün müvafiq
qərar qəbul edəcəklər. Ancaq hələ də məsələ ilə heç kim
maraqlanmayıb. Hadisədən üç ay sonra Marneuli meriyasının PR
Xidmətindən bildirdilər ki, problemin həlli
üçün prosesə
başlanılıb. Ancaq piyada körpüsünün güman edilən təmiri barədə
məlumatları yoxdur.
“Problemi həll etmək üçün proses artıq başlayıb. Məsələ araşdırılıb
və körpü probleminin nə vaxt həll olunacağı hələ məlum
deyil”, – meriyanın PR Xidmətindən bildirdilər.
Kürtlərdən Aşağı Qullara Şulaveridən keçməklə maşınla getmək üçün
30 dəqiqə vaxt, Böyük Muğanlıdan keçməklə isə 24 dəqiqə lazımdır.
Qeyd edək ki, sıradan çıxmış piyada körpüsündən Kürtlər, Aşağı
Qullar, Yuxarı Qullar, Qırıxlı və ətraf kəndlərin əhalisi istifadə
edirdi.