Marneulinin 5 tibb mərkəzində qripə qarşı peyvənd vurdurmaq mümkündür
Ölkə miqyasında mövsümi qripə qarşı peyvəndə başlanılıb.

Gürcüstan immunizasiya üzrə dövlət proqramı çərçivəsində 200 000 doza “Sanope Paster” istehsalı olan dörd komponentli peyvəndi artıq alıb. Həmin peyvənd Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi peyvəndlər arasındadır. Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin məlumatına görə, qrip virusuna qarşı peyvənd xəstəliyin ağırlaşması üçün yüksək risk daşıyan qruplara pulsuz vurulacaq.

Risk qruplar peyvənd vurulan müəssisələrə müraciət edə bilərlər. Xidmətdən yararlanmaq üçün statuslarını təsdiqləyən arayış gətirməlidirlər. Qripə qarşı peyvənd prosesinə ölkə miqyasında 400-ə yaxın tibb müəssisəsi qoşulub.

Bunlar:
  • “Geo Hospitals” MMC-nin Marneuli Çoxşaxəli Tibb Mərkəzi
  • “Geo Hospitals” MMC-nin Marneuli Doğum Evi və Ambulatoriya Mərkəzi
  • “Med X” MMC
  • “Mad-i-Medi” (Dializ)
  • “Aversi” klinikası
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri səlahiyyətlərini icra edən Tamar Qabunianın məlumatına görə, immunizasiya üzrə dövlət proqramı çərçivəsində qripə qarşı peyvəndi paytaxtda və regionlarda vurdurmaq mümkündür.

“Peyvənd prosesinə ölkə miqyasında 400-ə yaxın tibb müəssisəsi qoşulub. 21 sentyabrda qripə qarşı dörd komponentli peyvəndlərə başlanılıb. Böyük şəhərlərdə və regionlarda proses kifayət qədər fəal olaraq aparılır. İlk növbədə xroniki xəstəlikləri olan şəxslər, eləcə də yaşlılar peyvənd vurdurur. Ümumi səhiyyə proqramı çərçivəsində ilkin səhiyyə xidməti göstərilən bütün tibb müəssisələrində peyvənd vurulur. Həmin müəssisələrə peyvənd ehtiyatı göndərilib. Yaxşı olar ki, xəstə ilkin səhiyyə xidməti üçün qeydiyyatda olduğu müəssisəyə müraciət etsin. Əgər xəstə başqa müəssisəyə gedirsə və forma yüz aparmırsa, onun diabet, xroniki xəstə və ya nə olduğunu müəyyən etmək çətin olur. Həmçinin, nə dərəcədə peyvənd vurmaq olar kimi məsələləri müəyyən edə bilmirlər. Yaxşı olar ki, ailə həkimləri olan və onun sağlamlıq vəziyyətini bilən müəssisəyə getsinlər. Əgər gedə bilməsələr, o zaman forma yüz aparmalıdırlar. Peyvənd vurulması prosesi kifayət qədər fəal aparılır. Hələ qrip virusunun dövrü başlamayıb, oktyabrın ortalarından daha çox gözlənilir. Peyvəndlərə başlamağımız yaxşıdır. Əhali mövsümü hazırlıqlı qarşılayacaq. Proses aparılır və maneələr yoxdur. Xəstəliklərə Nəzarət Milli Mərkəzi hər gün prosesi müşahidə edir, məlumat kampaniyaları da çoxaldılacaq, əhali peyvənd vurdura biləcək”, – Qabunia qeyd edib.

"Marneuli" Radiosu
Print