Qış mövsümünün yaxınlaşması ilə yanaşı məktəblərdə istilik
sisteminin qurulması da lazım olur.
Marneuli miqyasında təhsil müəssisələrinin əksəriyyəti mərkəzi
istilik sistemi ilə isidilir. Amma isinmək üçün hələ də sobadan
istifadə edən məktəblər yenə də var.
Marneuli Təhsil Resurs Mərkəzindən “Marneuli” radiosuna bildirdilər
ki, bələdiyyə miqyasında 24 məktəb soba ilə isidilir. Resurs
Mərkəzin rəhbəri Əli Qəhrəmanovun sözlərinə görə, Gürcüstan Təhsil
və Elm Nazirliyi 24 məktəb üçün odun briketləri alacaq.
“Bizim bir neçə məktəbimizdə büdcə kifayət etmir. Belə
məktəblər üçün biz Təhsil Nazirliyindən çatışmazlıq olaraq hər ay
pul tələb edirik. Deyək ki, əməkhaqqı və ya kommunal istiqamətdə
çatışmazlıq varsa, belə hallarda pul tələb edirik və göndərirlər.
Təhsil Nazirliyi tərəfindən doldurmaq üçün forma göndərilmişdi və
biz həmin formanı doldurduq. Məktəblərin briketləri almaq üçün
kifayət qədər pulu olmadığını qeyd etdik. Müvafiq olaraq, Təhsil
Nazirliyi məktəblərə özü bunu paylayacaq”.
Gürcüstan Təhsil və Elm Nazirliyi odun briketlərini almaq üçün
artıq tender elan edib. Marneuli Təhsil
Resurs Mərkəzinin rəhbəri “Marneuli” radiosuna bildirdi ki, əgər
mərkəzi istilik sistemi ilə isidilən məktəblərin kommunal ödənişlər
üçün pulu kifayət etməzsə, Təhsil Nazirliyi onlara əlavə pul
köçürəcək.
“Marneuli” radiosu məktəblərinin isidilməsi üçün istifadə olunan
materialın qiymətini ayınlaşdırmaq briketlər istehsal edən bir neçə
şirkətlə əlaqə saxladı. Şirkətlərdən bildirdilər ki, bir ton
briketin dəyəri təxminən, 1200 laridir.
Marneuli miqyasında ümumilikdə 74 ictimai məktəb fəaliyyət
göstərir. Bunlardan 50-si mərkəzi istilik sistemi, 24-ü isə soba
ilə isidilir.