Cərimələrin yerində yazılması üçün Nəzarət Xidmətinə planşetlər alırlar
Marneuli yerli özünüidarəsi üç ədəd planşetin alınması üçün tender elan edib.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bildirdilər ki, planşetlər meriyanın Nəzarət Xidmətinə lazımdır. Meriyanın açıqlamasına görə, yeni alınacaq planşetlərə xüsusi proqram yazılacaq və onun vasitəsilə Nəzarət Xidmətinin əməkdaşları yerindəcə qanun pozuntusunu qeydə ala, cərimə yaza biləcəklər.

Marneuli meriyası kompüter cihazları və aksessuarlar almaq üçün 17 oktyabr tarixində 2 794 lari dəyərində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 23 oktyabrdan 25 oktyabra qədər tender təkliflərini təqdim edə bilərlər.

Qeyd edək ki, Marneuli meriyasının Nəzarət Xidməti küçə ticarətinin qadağan edilməsi üçün yeni tədbirlər həyata keçirməyi planlaşdırır. Bələdiyyənin Nəzarət Xidmətinin rəhbəri Tural İsmayılov bildirir ki, antisanitariya hallarında onların xidməti yerində cərimə təyin edə biləcək. Ancaq ona qədər məlumat kampaniyası aparacaqlar. Bazar ərazisindəki özünüməşğulların yenidən çıxarılması planlaşdırılıb.


Print E-mail
FaceBook Twitter Google