Marneuli Bələdiyyə Məclisi Rəhman Musayevin vəzifəsini tərk etməsi ilə bağlı ərizəsini arayış qismində qəbul edib
Bu gün, 20 oktyabr tarixində Marneuli Bələdiyyə Məclisi Rəhman Musayevin Bələdiyyə Məclisi mandatını tərk etməsi ilə bağlı təqdim etdiyi ərizəni arayış qismində qəbul edib. Rəhman Musayev Marneuli Bələdiyyə Məclisində “Gürcü Arzusu” partiyasını təmsil edirdi. O, sosial şəbəkədə onun şagirdlərə qarşı zorakılıq faktını əks etdirən kadrlar yayımlandıqdan sonra Bələdiyyə Məclisi mandatını tərk etməklə bağlı müraciət edib.

Rəhman Musayev Qırıxlı kənd ictimai məktəbinin gürcü dili müəllimi idi. 2 oktyabr tarixində sosial şəbəkədə fotolar yayımlanmışdı. Həmin fotolarda müəllimin azyaşlı şagirdləri dərs prosesi zamanı dizi üstə qoyduğu görünürdü.

4-cü sinif şagirdlərinin dizi üstə qoyulması faktına Marneuli Təhsil Resurs Mərkəzindən də münasibət bildiriblər və qeyd ediblər ki, onlar məktəbdə baş vermiş hadisəni qınayırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baş vermiş hadisə ilə bağlı bildirdilər ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə zorakılığı nəzərdə tutur.

Print E-mail
FaceBook Twitter Google