Yeni Düşüncə İnstitutu vebsəhifənin təqdimatını keçirib
Bu gün, 24 oktyabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində “Yeni Düşüncə İnstitutunun” veb-səhifəsinin təqdimatı keçirilib. Yeni Düşüncə İnstitutunun üzvü və “Təşkilat əməkdaşlarının inkişafı və kənar münasibətlərin gücləndirilməsi” layihəsinin rəhbəri Məhəmməd Bayramalıyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, saytda iyun ayından işləməyə başlayıblar.

“Layihənin məqsədi “Yeni Düşüncə İnstitutu” qeyri-hökumət təşkilatının, həmçinin əməkdaşların inkişafıdır. Müvafiq olaraq, bu istiqamətdə çox fəaliyyətimiz var idi. Əməkdaşlara təlim keçirilməsi, təşkilatın veb-səhifəsinin yaradılması, təşkilatın tanıdılması üçün video çarxın çəkilməsi və s. Bu gün təşkilatın veb-səhifəsinin tanıdılması və maraqlanan şəxslərin təşkilatın işləri ilə tanış edilməsi üçün görüşümüz olacaq”.

Maraqlanan şəxslər nti.ge veb-səhifəsindən Yeni Düşüncə İnstitutunun fəaliyyətinə nəzər yetirə bilərlər. Sayt üçdilli olacaq və əhaliyə gürcü, azərbaycan və ingilis dilində məlumat veriləcək.

“Veb-səhifə yaratdıq ki, bizim təşkilat barədə hamı ətraflı məlumat alsın. Bütün hesabatlar, həyata keçirilən fəaliyyətlər, keçiriləcək kurslar, pulsuz və pullu xidmətlər saytda əlçatan olacaq. Bu şəffaflıq göstəricisi olacaq və gənclərə Yeni Düşüncə İnstitutunun daha çox imkanlarından yararlanmaq şəraiti yaradacaq.

“Təşkilat əməkdaşlarının inkişafı və kənar münasibətlərin gücləndirilməsi” layihəsi “Məsləhət və Təlimlər Mərkəzi” tərəfindən elan edilmiş müsabiqə çərçivəsində həyata keçirilir. Yeni Düşüncə İnstitutu layihə üzərində 2022-ci ilin iyulundan işləməyə başlayıb. Layihənin məqsədi təşkilatın fəaliyyətinin və əməkdaşların gücləndirilməsidir.

Print E-mail
FaceBook Twitter Google