Marneulinin iki kəndində körpülərin salınması üçün 33 138 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi iki kənddə körpülərin salınmasını planlaşdırır. Marneuli meriyasının “GMG Construction 2022” MMC ilə bağladığı sadələşdirilmiş müqaviləyə görə, yerli özünüidarə kəndlərdə körpülərin salınması üçün 33 138 lari 16 tetri xərcləməyi planlaşdırır.

Böyük Bəylər kəndində dəmir-beton körpünün salınması, Çanaxçıdakı körpünün isə qəzalı hissəsinin bərpası nəzərdə tutulub.

Hər iki layihə kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək. Çanaxçıda olan körpünün qəzalı hissəsini bərpası üçün mərkəzi büdcədən 11 584 lari ayrılıb. Böyük Bəylər kəndində dəmir-beton körpünün tikintisi üçün ümumilikdə 21 554 lari ayrılıb. Buradan 11 700 lari dövlət büdcəsindən, 9 854 lari isə yerli büdcədən nəzərdə tutulub.

“GMG Construction 2022” MMC-nin işlərin həyata keçirilməsi üçün 60 gün vaxtı var.

Qeyd edək ki, Marneuli meriyası kəndə dəstək proqramı çərçivəsində 5 kənddə yollara çınqıl tökülməsini də planlaşdırır. Həmin işlər üçün meriya “GMG Construction 2022” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb.

Print E-mail
FaceBook Twitter Google