Marneulili oxçu qızlar Kiprdə keçirilən çempionatda uğurla mübarizə aparıblar

Marneulili oxçu qızlar beynəlxalq yarışda daha bir uğur qazanıblar.

Salome Xarşiladze oxçuluq üzrə Afrodita kubokunun altıncı oyununda 21 yaş kateqoriyasında qızıl medal qazanıb və turnirin çempionu olub. Tamta Naveriani isə 18 yaşa qədər yaş kateqoriyasında vitse-çempion statusu qazanıb.

Marneulili qızlar şəxsi yarışla yanaşı komanda yarışında da uğurla çıxış ediblər.

“Qarışıq cütlüklər yarışında Tamta Naveriani və Sandro Maçavariani qızıl medal qazanıb. Salome Xarşiladze və Temur Makievi gümüş medalın sahibi olublar. Qeyd edək ki, Salome Xarşiladze və Tamta Naveriani Gürcüstan oxçuluq üzrə milli yığmasının üzvləridirlər və Marneuli bələdiyyəsinin ən uğurlu idmançılarındandırlar. 2022-ci il onlar üçün uğurlu keçdi. Salome və Tamta cari ildə bir çox milli və beynəlxalq turnirlərdə mükafat qazanıblar”,
– Marneuli İdman Məktəbinin məlumatında qeyd olunub.

2-6 noyabr tarixində Kiprin Larnaka şəhərində keçirilən Afrodita kuboku üzrə altıncı oyunda 15-ə yaxın ölkədən idmançılar iştirak edib. Gürcüstandan turnirə 6 iştirakçı qatılıb. Onlar arasında Salome Xarşiladze və Tamta Naveriani də var idi.

 

 

Print E-mail
თეგები: İdman Marneuli Bələdiyyəsi
FaceBook Twitter Google