Marneulili oxçu qızlar beynəlxalq yarışda daha bir uğur
qazanıblar.
Salome Xarşiladze oxçuluq üzrə Afrodita kubokunun altıncı oyununda
21 yaş kateqoriyasında qızıl medal qazanıb və turnirin çempionu
olub. Tamta Naveriani isə 18 yaşa qədər yaş kateqoriyasında
vitse-çempion statusu qazanıb.
Marneulili qızlar şəxsi yarışla yanaşı komanda yarışında da uğurla
çıxış ediblər.
“Qarışıq cütlüklər yarışında Tamta Naveriani və Sandro Maçavariani
qızıl medal qazanıb. Salome Xarşiladze və Temur Makievi gümüş
medalın sahibi olublar. Qeyd edək ki, Salome Xarşiladze və Tamta
Naveriani Gürcüstan oxçuluq üzrə milli yığmasının üzvləridirlər və
Marneuli bələdiyyəsinin ən uğurlu idmançılarındandırlar. 2022-ci il
onlar üçün uğurlu keçdi. Salome və Tamta cari ildə bir çox milli və
beynəlxalq turnirlərdə mükafat qazanıblar”, –
Marneuli İdman Məktəbinin məlumatında qeyd olunub.
2-6 noyabr tarixində Kiprin Larnaka şəhərində keçirilən Afrodita
kuboku üzrə altıncı oyunda 15-ə yaxın ölkədən idmançılar iştirak
edib. Gürcüstandan turnirə 6 iştirakçı qatılıb. Onlar arasında
Salome Xarşiladze və Tamta Naveriani də var idi.