Marneulidə gəlinliklərlə bağlı geniş seçim var. Ziyafət geyimləri
mağazası ən çox şəhərin mərkəzi hissəsində, Rustaveli küçəsində
yerləşir.
“Marneuli” radiosu 10-a qədər ticarət mərkəzində olub.
Toy donlarının kirayə qiyməti 100 laridən başlayır və 1000 lariyə
qədər dəyişir. Qiymətlər əsasən donun keyfiyyəti və dizaynına görə
müəyyən edilir. Salon nümayəndələrinin əksəriyyəti bildirir ki,
Marneuli ziyafət geyimlərinin qiymətinin ucuz olması ilə seçilir.
Buna görə də başqa bələdiyyələrdən də müştərilər gəlirlər.
“Bəzisi gündə 10 gəlin yola salır, amma mən, məsələn,
bu gün bir gəlinim var idi. Çox gözəl don seçdi. Bizim işimiz
mövsümlə bağlıdır. İndi, məsələn, dekabrda toylar olmur, yanvarda
da olmur. Fevralda daha çox nişan edirlər. Ötən ay çox toy var idi.
Marneulidə qiymətlər nisbətən ucuzdur. Tbilisidən buraya tez-tez
gəlirlər”, – Gəlinliklər mağazasının
nümayəndələrindən biri bildirdi.
Donun kirayə götürülməsi büdcə vasitəsidir, ancaq almaq imkanı da
var. Salonun nümayəndəsi bildirdi ki, alınan halda qiymətlər
ikiqatdır.
“Elə adamlar var, sifariş verirlər ki, don almaq
istəyirlər. Belə halda baha başa gəlir. Modelə görə qiymət də
dəyişir. Bilirəm ki, Tbilisidə, Batumidə daha bahadır. Hərdən
buradan Batumiyə gəlin gedir, orada daha bahadır. Burada 220-250
lariyə olan donlar orada 500-600 lariyə kirayə verilir. Batumidən
də buraya gəlirlər, yaxın vaxtlarda bir qız Batumiyə ərə getdi və
dedi ki, Batumidə donu 500 lariyə kirayələyib. Bizim işimiz
mövsümlə bağlıdır. İndi toy mövsümü başa çatır. Belə çıxır ki, altı
ay işləyir, altı ay dincəlirik”.
Marneulinin toy donları mağazalarında bildirdilər ki, ayda təxminən
30 don kirayə verirlər. Bu ən zəif dövrdə, toylar az olan aylarda
olur.